QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranın ABŞ-yə yönəltdiyi tələblərin qanuni və məntiqli olduğunu bildirib. O, bu fikirləri ABŞ dövlət katibi Marko Rubionun açıqlamalarına cavab verərkən səsləndirib.

Bəqayi brifinqdə deyib ki, danışıqların qızğın vaxtında ABŞ-nin İrana hücum etməsi məntiqsiz və təkəbbürlü addımdır. “Bu tələblər qanunsuz və ya məntiqsizdirmi?” – deyə o, sual edib.

İran rəsmisinin sözlərinə görə, Tehran danışıqlara başlamazdan öncə Vaşinqtondan qanunsuz sanksiyaları aradan qaldırmağı, dəniz blokadasını və müharibəni bitirməyi istəyir.

Bəqayi İranın iki günlük planının müzakirə masasından çıxarılmadığını da qeyd edib. Onun bildirdiyinə görə, ABŞ İranın tələblərini yerinə yetirsə, Hörmüz boğazında təhlükəsizlik iki gün ərzində bərpa oluna bilər.

Daha əvvəl Marko Rubio İranın münaqişənin həlli üçün irəli sürdüyü tələbləri qəbuledilməz, bəzilərini isə qəzəb doğuran və qeyri-real adlandırmışdı. Rubio, həmçinin danışıqlardan ciddi nəticə əldə edilmədiyini söyləyib.