QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Hesablama Palatası 2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə və ona daxil sənədlərə dair rəy hazırlayıb. Palatanın sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən növbəti Kollegiya iclasında əvvəlcə büdcə layihəsinə dair Rəy müzakirə olunub. Qeyd olunub ki, rəy dövlət büdcəsi haqqında qanun layihəsinin və onunla birlikdə təqdim edilmiş aidiyyəti sənədlərin cari qanunvericilik aktlarına uyğunluğunu, nəzərdə tutulan gəlirlər və xərclər, büdcə kəsiri proqnozlarının düzgünlüyünü və tamlığını qiymətləndirməyi əhatə edir.

Kollegiya iclasında rəydə göstərilən əsas nəticələr və tövsiyələr detallı müzakirə olunub, mövcud məsələlər üzrə fikir mübadiləsi aparılıb. Sonda rəyin təsdiq edilməsi və Milli Məclisə təqdim olunması barədə qərar qəbul edilib.

Daha sonra iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il üçün büdcə layihəsinə Hesablama Palatasının rəyi də müzakirə edilib. Təhlillərin nəticələri və irəli sürülmüş tövsiyələr Kollegiya üzvlərinin müzakirəsinə çıxarılıb. Yekunda rəyin təsdiq edilməsi və Milli Məclisə göndərilməsi ilə bağlı qərar verilib.