QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Qəzza üçün irəli sürdüyü 20 bəndlik planın elanından təxminən 14 ay ötür, lakin təşəbbüsün icrasında irəliləyiş yoxdur.

Sənəd 29 sentyabr 2025-ci ildə Ağ Evdə açıqlanıb. BMT Təhlükəsizlik Şurası isə 17 noyabr 2025-ci ildə planı dəstəkləyən qətnamə qəbul edib. Təşəbbüs atəşkəs, girovların mübadiləsi, Qəzzanın yenidən qurulması və müharibədən sonrakı idarəçilik mexanizmlərini nəzərdə tutur.

Plana əsasən, HƏMAS tərksilah olunmalı, Qəzza demilitarizasiya edilməli, İsrail hərbçiləri mərhələli şəkildə geri çəkilməli, əraziyə müvəqqəti beynəlxalq sabitləşdirmə qüvvələri yerləşdirilməlidir. Keçid dövründə idarəçiliyin fələstinli texnokratlardan ibarət Milli Qəzza İdarəetmə Komitəsinə, planın icrasına nəzarətin isə Sülh Şurasına həvalə olunması nəzərdə tutulub.

Siyasi şərhçi Rufiz Hafizoğlu bildirib ki, planın müddəalarından heç biri indiyədək yerinə yetirilməyib. Onun sözlərinə görə, HƏMAS-ın tərksilahı, beynəlxalq qüvvələrin Qəzzaya yerləşdirilməsi və ərazinin bərpası baş tutmayıb.

Hafizoğlu bu vəziyyətin səbəbləri sırasında HƏMAS-ın silahlarını təhvil verməməsini, quruma dəstəyin davam etməsini və İsraildə hökumət dəyişikliyi prosesinin gündəmə gəlməsini göstərib. Şərhçi qeyd edib ki, İsraildə seçkilərdən sonra yeni hökumət formalaşır və müəyyən güzəştlərə getməli olacaq. Bununla belə, o vurğulayıb ki, söhbət HƏMAS-a güzəşt edilməsindən getmir.

Onun sözlərinə görə, nə Mahmud Abbasın Fələstin administrasiyası, nə də digər ərəb ölkələri HƏMAS-a güzəşti dəstəkləyir. Şərhçi bu mövqeyi istəyən yeganə qüvvənin “Müsəlman qardaşları” təşkilatı və ideoloji baxımdan ona yaxın bir neçə dövlət olduğunu bildirib. Hafizoğlu Qəzza planı üzrə nəticə əldə edilmədiyini və irəliləyiş üçün əsas olmadığını deyib.

Şərhçi beynəlxalq sülh qüvvələrinin Qəzzada yerləşdirilməsi ehtimalını da real hesab etmir. O bildirib ki, heç bir dövlət həlli tapılmayan böhranı aradan qaldırmaq üçün öz əsgərlərini göndərməz.

Hafizoğlu əlavə edib ki, ərəb mediasında HƏMAS və İsrail arasında gizli əlaqələr, eləcə də Netanyahu hökumətinin təşkilata müəyyən formada yardım göstərməsi barədə iddialar gündəmə gəlib. Onun fikrincə, bu məsələ İsraildə və müsəlman cəmiyyətində ciddi siyasi sarsıntı yarada bilər.