“Unibank” KB ASC ilə Bakı Ali Neft Məktəbi (BANM) arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd bankın İdarə Heyətinin sədri Valentin Morozov və BANM-in rektoru Elmar Qasımov tərəfindən imzalanıb. QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, memorandum bir neçə istiqamətdə birgə fəaliyyəti nəzərdə tutur.
Razılaşmaya əsasən, BANM tələbələri “Unibank”da istehsalat təcrübəsi keçə, tələbə və məzunların iş imkanları dəyərləndirilə bilər. Sənəddə həmçinin seminar, təlim, konfrans və digər tədbirlərin birgə təşkili yer alıb.
Valentin Morozov əməkdaşlığın perspektivlərini qiymətləndirərək bildirib ki, bank tələbələrin peşəkar mütəxəssis kimi formalaşmasına, müasir bankçılıq üçün tələb olunan bacarıqları əldə etməsinə dəstək verəcək. Onun sözlərinə görə, bank sektorunda rəqəmsal transformasiya mühəndislik, informasiya texnologiyaları və analitika üzrə ixtisaslı kadrlara ehtiyacı artırır.
Morozov “Unibank”ın peşəkar kadrların yetişdirilməsi sahəsində uzunillik təcrübəyə malik olduğunu vurğulayıb. Memorandumun BANM tələbələrinə bu təcrübədən yararlanaraq biliklərini real iş şəraitində tətbiq etmək imkanı verəcəyini qeyd edib.
Elmar Qasımov universitetin fəaliyyəti, son illərdə görülən yeniliklər və qarşıya qoyulan hədəqlər barədə məlumat verib. Rektor real sektorla birbaşa əlaqələrin əmək bazarının ehtiyaclarını müəyyənləşdirmək və təhsil prosesini həmin tələblərə uyğunlaşdırmaq üçün əhəmiyyətini vurğulayıb. O, “Unibank”la əməkdaşlığın hər iki qurumun fəaliyyətinə müsbət təsir edəcəyinə inandığını bildirib.
Görüş zamanı gələcəkdə reallaşdırılması mümkün olan birgə layihələr də müzakirə edilib.