QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, TRIPP layihəsi Ermənistanın dəmir yolu əlaqələrini genişləndirərək ölkəni İran, Türkiyə və Avropa istiqamətləri ilə birləşdirə, eyni zamanda Orta Asiya, Hindistan və Çinlə ticarət imkanlarını artıra bilər. Bununla belə, layihənin yaxın vaxtlarda tam işlək vəziyyətə gələcəyinə təminat yoxdur. Ermənistanla Azərbaycan arasındakı kövrək sülh, İranın mövqeyi və Rusiyanın Ermənistan dəmir yollarının idarə edilməsindəki rolu əsas çətinliklər sırasındadır.
Erməni jurnalist Mark Qriqoryan bildirib ki, yeni xətt Ermənistan üçün Orta Asiyaya və daha uzaq istiqamətlərə, o cümlədən Hindistan və Çinə birbaşa bağlantı yarada bilər. O, marşrutun Böyük İpək Yolunun qollarından birinə çıxış açacağını və İrana daha qısa yol təmin edəcəyini deyib. Qriqoryanın sözlərinə görə, İrəvan bölgədəki siyasi və geosiyasi dəyişikliklərə rəğmən Tehranla yaxşı münasibətlər saxlayır.
Marşrut Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək. Mövcud Gümrü-Qars dəmir yolu xətti vasitəsilə isə region Türkiyəyə bağlana bilər. Ermənistan üçün bu, Türkiyənin nəqliyyat şəbəkəsinə, oradan da Avropaya çıxış imkanı deməkdir.
Qriqoryan dəmir yolunun nisbətən qısa hissəsinin iqtisadi baxımdan əhəmiyyətli olduğunu və bütün tərəflərə fayda verəcəyini vurğulayıb. Bununla yanaşı, o, layihənin yaxın illərdə gerçəkləşəcəyinə şübhə ilə yanaşır. Rusiyanın Ermənistan dəmir yolu infrastrukturunun idarə olunmasındakı iştirakı ilə bağlı qeyri-müəyyənlik və Bakı ilə İrəvan arasındakı kövrək sülh prosesə mane ola bilər. İran da əvvəllər layihənin müəyyən icra variantlarını qəbuledilməz sayıb.
Qriqoryan layihənin sürətlə irəliləmədiyini bildirib və onun 2027-ci, hətta 2028-ci ildə də həyata keçirilməyəcəyini düşündüyünü qeyd edib.
ABŞ, Ermənistan və Azərbaycan liderləri 2025-ci ilin avqustunda Vaşinqtonda baş tutan görüşdə “Tramp marşrutu”nun yaradılması barədə razılığa gəliblər. Plan yol və dəmir yolu infrastrukturunun, eləcə də neft-qaz kommunikasiyalarının inkişafını əhatə edir. Ermənistan ərazisindən keçəcək hissənin uzunluğunun təxminən 42 kilometr olacağı gözlənilir.
Layihənin növbəti mərhələsi üçün tərəflər diplomatlar və texniki mütəxəssislərdən ibarət üçtərəfli qrupun yaradılmasını razılaşdırıblar. Bundan başqa, nəqliyyat infrastrukturu və elektrik enerjisi üzrə ayrıca qrupların formalaşdırılması nəzərdə tutulur. Bu qurumların işi layihənin praktiki icrasına zəmin hazırlamaq olacaq.