QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Türkiyədə narkotik işi üzrə keçirilən istintaq tədbirləri zamanı 24 nəfər saxlanılıb. Onların arasında aktyorlar Özcan Deniz, Deniz Çakır və Burcu Özberk də var.

İş üzrə ümumilikdə 35 nəfərin saxlanılması barədə qərar çıxarılıb. Əməliyyat zamanı tutulan 24 şübhəli tibbi müayinədən keçirildikdən sonra məhkəməyə təhvil verilib. Araşdırmanı İstanbul Prokurorluğu aparır.

İstintaq çərçivəsində şahid ifadələri, mobil telefonlardan götürülən məlumatlar və digər rəqəmsal materiallar araşdırılıb. Şübhəlilərə narkotik vasitələrdən istifadə, onların saxlanılması və yayılması ilə bağlı ittihamlar irəli sürülüb.

Qalan 11 nəfərin tapılması və saxlanılması üçün tədbirlər görülür.

İstanbul Respublika Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərin Araşdırılması Bürosu istintaqa noyabrın 24-də başlayıb. Araşdırma fahişəlik, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi, əldə edilməsi, istifadəsi və saxlanılması ilə bağlıdır.