QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Xırdalan şəhərində, AAAF Park yaşayış kompleksində, Referans Tibb Mərkəzinin Xırdalan filialının yaxınlığındakı tikinti sahəsində təhlükəsizlik qaydalarının pozulduğu bildirilir.
Ərazidəki tikinti ayaqaltılarında bir sıra nöqsanlar müşahidə edildiyi qeyd olunur. Metal boruların və qoruyucu məhəccərlərin əyildiyi, konstruksiyanın binanın divarına standartlara uyğun bərkidilmədiyi bildirilir. Bu çatışmazlıqlar ayaqaltıların aşması riskini yaradır.
Dayaqların altında yükü bərabər bölüşdürən altlıqların və tənzimlənən dabanlıqların olmadığı vurğulanır. İşçi platformalarında standart döşəmə əvəzinə bərkidilməmiş, yararsız taxta parçalarından istifadə edildiyi də bildirilir.
Hündürlükdən yıxılma ehtimalını azaltmalı olan üst və orta qoruyucu məhəccərlərin, eləcə də ətəkliklərin çatışmadığı müşahidə olunur. Binanın sağ tərəfindəki hündür sahədə qoruyucu torun çəkilməməsi isə tikinti materiallarının, alətlərin və digər əşyaların aşağı düşmə riskini artırır.
Tibb mərkəzinin girişi və piyadaların hərəkət etdiyi hissə ilə bağlı da narahatlıq ifadə edilir. Həmin ərazidə yuxarıdan düşə biləcək əşyalardan qorunmaq üçün mühafizə talvarı və təhlükəsizlik hasarının olmadığı bildirilir.
Qeyd olunan nöqsanların tikinti işçiləri, ərazidən keçən sakinlər və tibb mərkəzinə müraciət edən şəxslər üçün təhlükə yarada biləcəyi vurğulanır. Məsul qurumların vəziyyəti araşdırması və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etməsi vacib sayılır.