QafqazNews Manset.az-a istinadən xəbər verir ki, bəzi ət növlərindəki yüksək doymuş yağ və duz ürək-damar sağlamlığına mənfi təsir göstərə bilər. Mütəxəssislər dörd növ ətin istehlakına xüsusi diqqət yetirməyi məsləhət görürlər.

Yağlı ət parçalarının və emal olunmuş məhsulların həddən artıq qəbulu LDL, yəni “pis xolesterin” səviyyəsini yüksəldə, iltihabi proseslərə yol aça və ürək xəstəlikləri riskini artıra bilər.

Qastroenteroloq Dr. Vojislav Perişiçin sözlərinə görə, mal əti dəmir, sink və D vitamini ilə zəngindir və donuz əti ilə müqayisədə daha yaxşı seçim sayılır.

Diqqət tələb edənlər arasında antrikot və ribeye kimi yağlı bifteklər var. Bu ətlərin doymuş yağ miqdarı yüksəkdir: 115 qram ribeye porsiyasında təxminən 11 qram doymuş yağ olur.

Quzu əti də yağlı olduğuna görə ölçülü yeyilməlidir. 115 qramında təqribən 11 qram doymuş yağ olan bu ətə, xüsusilə xolesterini yüksək şəxslərin diqqət etməsi tövsiyə olunur.

Donuz qabırğası da qeyd edilən dörd növ arasındadır. Siyahıya həmçinin duzlu sosislər daxildir. Emal olunmuş bu məhsulların 50 qramında təxminən 6 qram doymuş yağ və 350–500 mq natrium ola bilər. Duzun çoxluğu qan təzyiqini yüksəldərək ürək-damar sağlamlığına zərər verə bilər.

Mütəxəssislər sağlam qidalanma zamanı yalnız zülal miqdarını deyil, ətin yağ və duz tərkibini də nəzərə almağı, rasionda tarazlığı qorumağı tövsiyə edirlər.