QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Türkiyənin Van vilayətinin Özalp rayonunda mikroavtobus və TIR-ın toqquşması 9 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnib.

Qəza noyabrın 7-də Özalp-Saray yolunun Çalımlı məhəlləsi yaxınlığında qeydə alınıb. Hadisə yerinə polis, jandarma, AFAD, təcili tibbi yardım və yanğınsöndürmə qüvvələri göndərilib.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya aparılıblar. Qəza səbəbindən müvəqqəti bağlanan yolda hərəkət nəzarət altında yenidən açılıb.

Van valisi Ozan Balcı qəzanın yağışın yaratdığı sürüşkən yol şəraitindən qaynaqlandığını bildirib. Həlak olanların kimliyinin müəyyənləşdirilməsi üzrə işlər davam edir.