QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Şəmkir rayonunun Keçili kəndində baş verən yol qəzasında 2008-ci il təvəllüdlü Teymur Orucov həyatını itirib. O, VAZ-2106 markalı avtomobildə sərnişin olub.
Hadisə noyabrın 7-də saat 22:40-da xəsarət alan üç nəfərin Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılması ilə nəticələnib. 2002-ci il təvəllüdlü Cahid Rüstəmov və 2006-cı il təvəllüdlü Vüsal Əmrahov müxtəlif bədən xəsarətləri ilə xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Onların vəziyyəti stabil qiymətləndirilir.
2008-ci il təvəllüdlü Teymur Orucova IV dərəcəli travmatik şok, kəllə-beyin travması, baş nahiyəsinin çoxsaylı xəsarətləri, alt çənə, bud və baldır sümüklərinin sınıqları diaqnozu qoyulub. Reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ölüm faktı noyabrın 8-də saat 04:20-də qeydə alınıb.
Məlumata görə, Keçili kənd sakini olan Vüsal Vüqar oğlu Əmrahovun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Sürücü ilə yanaşı, 2002-ci il təvəllüdlü Cahid Asəf oğlu Rüstəmov da xəsarət alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.