QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycan İnnovasiya Mərkəzində memar və inşaat eksperti Muxtar Ərturanın “VR Standartları 2026” kitabı, eləcə də rəqəmsal adaptiv erqonomik ölçü sistemi ictimaiyyətə təqdim edilib.

“VR Global Group”un təşkilatçılığı, mərkəzin dəstəyi ilə baş tutan tədbirdə insanı əsas götürən layihələndirmə, təhsildə müasir yanaşmalar, həmçinin tikinti və təmir işlərinin keyfiyyətə nəzarətlə uzlaşdırılması müzakirə olunub.

Nəşr Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi ilə əlaqədar hazırlanıb. Layihənin məqsədi memarlıq irsinə ehtiramı müasir texnologiya və peşəkar hazırlıqla birləşdirmək, insanların yaşayış şəraitini yaxşılaşdıran həlləri təşviq etməkdir.

Kitabın və rəqəmsal həllin əsasını Ərturanın yaratdığı VR Adaptiv Erqonomik Ölçü Sistemi və VR Adaptiv Erqonomik Əmsalları təşkil edir. Müəllif yanaşması insanın bədən ölçülərini, istifadə tələbatını və məkanın təyinatını layihə qərarlarında nəzərə almağa imkan verir.

Sistem fərdi göstəricilər əsasında ölçü variantları hesablayır və memarlarla dizaynerlərə qərarlarını əsaslandırmaqda kömək edir. Məkanların tərtibatında estetik görünüşlə yanaşı, müxtəlif yaşda və fiziki imkanlarda olan insanların rahatlığı, əlçatanlıq və gündəlik ehtiyaclar nəzərə alınır.

“VR Standartları 2026” yerli tələbləri beynəlxalq normalar, dünya təcrübəsi və müəllifin adaptiv erqonomika metodikası ilə əlaqələndirir. Nəşrdə layihələndirmə, mühəndis sistemlərinin uzlaşdırılması, işlərin icrası, mərhələli yoxlama və sənədləşdirmə vahid proses kimi təqdim edilir.

Tədbirdə kitab və ölçü sistemi ilə uzсан VR Akademiyanın tədris modeli də açıqlanıb. Tələbə qəbulu başlayan beşaylıq proqram nəzəri bilikləri praktiki işlər, məkanın təhlili, rəqəmsal hesablamalar, layihə qərarları və texniki yoxlama bacarıqları ilə bir araya gətirir.

Kursun mövzuları insan mərkəzli planlaşdırmadan başlayaraq işıqlandırma, havalandırma, isitmə və soyutma, təhlükəsizlik, audit, eləcə də təhvil-təslim mərhələlərini əhatə edir. Proqramın hədəfi qərarlarının əsasını, tətbiq qaydalarını və yoxlama meyarlarını izah edə bilən mütəxəssislər yetişdirməkdir.

VR metodikası tikinti və təmir şirkətlərinə layihə ilə icra arasındakı əlaqəni qurmaq, öhdəlikləri dəqiqləşdirmək, texniki yoxlama və audit mərhələlərini qaydaya salmaq üçün çərçivə təklif edir. İşlərin nəticəsi layihə şərtləri, faktiki ölçülər, yoxlama qeydləri və sənədləşdirilmiş məlumatlar əsasında qiymətləndirilir. Rəqəmsal hesablamalar mütəxəssis rəyinə yardım edir, lakin yerində baxış və mühəndisin məsuliyyəti də prosesdə qalır.

Layihə təkrar işlərin, material itkisi və anlaşılmazlıqların azalmasına, sifarişçilərin maraqlarının qorunmasına və xidmət keyfiyyətinin yaxşılaşmasına töhfə verməyi hədəfləyir. Yerli təşəbbüsün təhsil və bizneslə birləşdirilməsi memarlıq-dizayn sahəsində Azərbaycanın intellektual imkanlarının praktikada tətbiqi üçün əməkdaşlıq perspektivləri yaradır.

Təşkilatçıların bildirdiyinə görə, Azərbaycanda ilk dəfə müasir beynəlxalq norma və standartları birləşdirən, peşəkar metodik təlim və praktika nəzərdə tutan rəqəmsal proqram üzrə dərslər VR Akademiyada başlayıb. Təlimlərdə Avropa və Kanadadan olan akademiya müəllimləri, eləcə də azərbaycanlı akademiklər və inşaat ekspertləri iştirak edəcək.