QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, sertifikasiya imtahanında uğur qazana bilməyən müəllimlərin repetitorluq fəaliyyəti ilə məşğul olması müzakirələrə yol açıb. Məktəbdə dərs demək üçün tələb olunan bilik və bacarıqları göstərə bilməyən şəxsin fərdi hazırlıq keçməsinin nə dərəcədə düzgün olduğu və bu halların qarşısının necə alınacağı sual doğurur.
Təhsil Ekspertləri Mərkəzinin İdarə Heyətinin sədri, təhsil eksperti Məzahir Məmmədli bildirib ki, məsələ ilk növbədə vicdanla bağlıdır. Onun sözlərinə görə, sertifikasiyadan keçə bilməyən müəllimə əlavə bir il vaxt verilir və həmin dövrdə biliklərini artırması üçün hazırlıq kurslarına cəlb olunur. Bu müddət növbəti imtahana hazırlaşmaq və peşəkar səviyyəni yüksəltmək üçün əlavə imkandır.
Məmmədli qeyd edib ki, verilən imkanlardan sonra da imtahandan keçməyən müəllimin şagirdlərə hansı səviyyədə təhsil verdiyi araşdırılmalıdır. Müəllimin işi dərs saatını başa vurmaq və proqramı formal şəkildə icra etməklə bitmir. O, şagirdə bilik verməli, düşünmə qabiliyyətinin inkişafına və dünyagörüşünün formalaşmasına yardım etməli, gələcək seçimlərində istiqamət göstərməlidir. Ekspertin fikrincə, müəllimin zəruri bilik səviyyəsini nümayiş etdirə bilməməsi onun şagirdlərə nə öyrədə biləcəyi ilə bağlı ciddi suallar yaradır.
Ekspert vurğulayıb ki, müəllimlik diplom almaqla tamamlanan peşə deyil. Müəllim daim öz üzərində işləməli, yenilikləri izləməli, biliklərini artırmalı və müasir tədris metodlarını mənimsəməlidir. Təhsil sistemi və zaman dəyişdikcə, şagirdlərin informasiya əldə etmək imkanları da genişlənir. Peşəkar inkişafdan geri qalmaq isə tədrisin keyfiyyətinə mənfi təsir edə bilər.
Məmmədli şəxsi münasibətlər və kiməsə göstərilən güzəştlərin də narahatlıq doğura biləcəyini deyib. Müəllimin kiminsə yaxını olması və ya müəyyən münasibətlərə görə işdən uzaqlaşdırılmaması ehtimalını qeyd etsə də, konkret sübutlar olmadan belə iddia irəli sürməyin düzgün olmadığını bildirib. Onun sözlərinə görə, təhsil sahəsində qərarlar şəxsi əlaqələrə deyil, obyektiv meyarlara və müəllimin real peşəkar göstəricilərinə söykənməlidir.
Ekspert bildirib ki, müzakirə yalnız müəllimin iş yerinin saxlanması ilə məhdudlaşmır; söhbət onun dərs dediyi uşaqların gələcəyindən və keyfiyyətli təhsil hüququndan gedir. Müəllimin biliklərindəki boşluqların təsiri şagirdlərə illər sonra da üzə çıxa bilər, öyrənilməyən mövzuları sonradan bərpa etmək isə hər zaman asan olmur. Buna görə müəllimlərin qiymətləndirilməsinə formal yanaşılmamalıdır.
Məmmədli əlavə edib ki, müəllimin şagirdə nə verə biləcəyi əsas meyar olmalıdır. O, lazımi imkanlardan istifadə etməyən şəxsin uşaqlara hansı bilik, bacarıq və istiqaməti verəcəyini təsəvvür etməkdə çətinlik çəkdiyini bildirib.