QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə təşkil olunan IV “Maarifçi” tələbə-məzun proqramı başa çatıb.

Proqramı tamamlayan gənclərlə görüşən elm və təhsil naziri Emin Əmrullayev iştirakçılarla söhbət edib. Tədbirdə əvvəlcə proqramın İşçi qrupunun katibi Tünzalə Vəliyeva bu mərhələnin nəticələri barədə hesabat təqdim edib.

Məlumata görə, cari ildə proqrama 5 096 nəfər müraciət edib. Seçimdən keçən 50 nəfər dörd ay müddətində Elm və Təhsil Nazirliyində, eləcə də onun tabeliyində olan qurumlarda təcrübə toplayıb. Bu il proqram ilk dəfə Azərbaycanın 13 iqtisadi rayonunu əhatə edərək müxtəlif bölgələrdən olan gənclərə qatılmaq imkanı verib.

Proqramın əvvəlki mərhələlərində iştirak etmiş 102 məzunun 53-ü nazirlikdə və tabeli qurumlarda işlə təmin edilib. Görüş zamanı proqramın fəaliyyəti və nəticələri haqqında videoçarx da nümayiş olunub.

Emin Əmrullayev proqramın gənclərə dövlət qulluğu və idarəçilik mexanizmləri ilə yaxından tanış olmaq imkanı yaratdığını bildirib. Onun sözlərinə görə, iştirakçılar dörd ay ərzində təhsil sisteminin və ümumilikdə dövlət idarəçiliyinin iş prinsiplərini öyrənərək praktiki təcrübə qazanıblar.

Nazir rəhbər vəzifələrdə çalışan şəxslərlə birbaşa ünsiyyət qurmağın, onların iş təcrübəsi və idarəetmə üsulları ilə tanışlığın gənclərin peşəkar inkişafında rolunu da qeyd edib. Görüş interaktiv müzakirə şəklində davam edib. İştirakçılar əldə etdikləri bilik və təcrübə, üzləşdikləri çətinliklər və nəticələr barədə danışıb, təcrübə keçdikləri qurumların işi ilə bağlı rəy və təkliflərini bölüşüblər. Sonda onlara sertifikatlar verilib və xatirə fotosu çəkilib.