QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsi müzakirə olunarkən deputat Ceyhun Məmmədov müəllimlərin sertifikasiya nəticələrinə bağlı maaş artımı qaydasının dəyişdirilməsini təklif edib. O, artımın 10, 25 və 35 faiz olmaqla üç pillədə müəyyənləşdirilməsini irəli sürüb.
Deputat sertifikasiyadan uğurla keçən pedaqoji işçilərin əməkhaqqının artırılmasını dövlətin müəllimlərə diqqət və qayğısının göstəricisi kimi dəyərləndirib. Bununla yanaşı, hazırda tətbiq edilən 10 və 35 faizlik artım nisbətlərinə yenidən baxılmasını vacib sayıb.
Ceyhun Məmmədov imtahanı hələ keçə bilməyən müəllimlərin maaşlarının da müəyyən qədər artırılmasını məqsədəuyğun hesab etdiyini bildirib. Onun sözlərinə görə, sertifikasiya prosesi uzun müddət davam etdiyindən bu mərhələdən hələ keçməyən çoxsaylı təhsil işçisi var. Həmin müəllimlərin əməkhaqqına kiçik artım edilməsi onlara əhəmiyyətli sosial dəstək ola bilər.