QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, 7-ci sinif üçün nəzərdə tutulan “Ədəbiyyat” dərsliyindəki hekayə sosial şəbəkələrdə müzakirə doğurub. Kitabın 90-91-ci səhifələrində yaşlı qadını öldürmək istəyən obrazdan bəhs olunur, şərab isə faydalı içki kimi təqdim edilir.

Hekayənin başlanğıcında baş qəhrəman Şikonun qadını boğaraq öldürmək istədiyi bildirilir: “Şiko başını itirmişdi. Hər dəfə qarını görəndə istəyirdi, onu boğub öldürsün...”. Sonrakı hissədə o, meyxanasına çağırdığı Maqluar qarıya şərab içirməyə çalışır və içkini süd və şəkərlə müqayisə edir.

“Axı bu lap süd kimidir. Gördünüz, nə dadlıdır! Mən bundan dalbadal on-on iki qədəh içirəm, heç nə olmur. Şəkər kimidir. Nə mədəyə əziyyət verir, nə də baş ağrıdır, adamın dilinin üstündə yağ kimi əriyib gedir. Bundan faydalı içki tapılmaz!” – mətndə deyilir.

Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndiyev dərsliklərdə texniki, elmi və dəqiqlik baxımından ciddi çatışmazlıqlar olduğunu bildirib. Onun sözlərinə görə, bu problemlər uzun müddətdir müzakirə olunsa da, həllini tapmayıb və dərslik müəllifləri dəyişmədikcə davam edəcək.

Əfəndiyev iradların lazımi şəkildə qarşılanmadığını, bəzi müəlliflərin öz mövqelərini doğru hesab etdiyini deyib. Ekspertin fikrincə, sinif səviyyəsindən asılı olmayaraq, zərərli vərdişlər, ölüm və cinayət məzmunlu məsələlər dərsliklərdə yer almamalıdır.

O qeyd edib ki, spirtli içki və digər zərərli vərdişlərə dair məlumatlar yalnız maarifləndirmə məqsədi daşıdığı, belə davranışların yanlış olduğu izah edildiyi halda dərsliklərə daxil edilə bilər. Əks halda, bu cür məzmunun 7-ci sinif şagirdlərinin düşüncəsinə təsir göstərə biləcəyini vurğulayıb.

Ekspert dərsliklərdə belə mətnlər əvəzinə Vətən müharibəsi və milli-vətənpərvərlik ruhunda materialların verilməsini daha məqsədəuyğun sayıb. O, redaksiya heyəti dəyişmədiyi müddətdə ciddi texniki qüsurların aradan qalxmayacağını bildirib.