QafqazNews Manset.az-a istinadən xəbər verir ki, WhatsApp Android üçün söhbəti açmadan mesajlara baxmağa imkan verən yeni funksiya üzərində işləyir.
Yenilik istifadəyə verildikdə, mesajı oxuyan şəxsə dair mavi iki xətt qarşı tərəfə göstərilməyəcək. Bunun üçün istifadəçi yazışmalar siyahısında seçdiyi söhbətin üzərinə uzun basmalı və son mesajların göründüyü önizləmə pəncərəsini açmalıdır.
Həmin pəncərədə mesajları oxumaq, eləcə də ekranı yuxarı sürüşdürərək əvvəlki yazışmaları nəzərdən keçirmək mümkün olacaq. Bu zaman qarşı tərəfə oxunma bildirişi göndərilməyəcək.
Funksiya iPhone-da olan oxşar imkanın Android üçün hazırlanmış variantıdır. Bununla belə, Android versiyasında mesajlar arasında sürüşdürmək də mümkün olacaq.
Şirkət yeniliyin istifadəyə veriləcəyi tarixi açıqlamayıb. Funksiyanın tətbiqi mavi işarə sistemini tam aradan qaldırmayacaq: mesajlar söhbət pəncərəsindən adi qaydada açılarsa, oxunma bildirişi əvvəlki kimi işləyəcək.