QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Xankəndidə yaradılacaq Zəfər Muzeyinin yerləşəcəyi bina müəyyənləşib. Muzey keçmiş icra hakimiyyətinin binasında fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə muzey barədə danışıb. O, çıxışını Xankəndidə, Zəfər tağının qarşısında etdiyini bildirərək, həmin tağın Azərbaycanın Zəfərinin şərəfinə ucaldılan ikinci tağ olduğunu deyib. Birinci tağın Bakıda, ikincisinin isə Xankəndidə yerləşdiyini qeyd edib.
Dövlət başçısının sözlərinə görə, Bakıda Zəfər tağının yanında fəaliyyət göstərən Zəfər Muzeyində hər bir şəhidin adı həkk olunub. Xankəndidə də belə bir muzey yaradılacaq və onun təşkili ilə bağlı son tamamlama işləri görülür.
İlham Əliyev muzey üçün seçilən keçmiş icra hakimiyyətinin binasının vaxtilə Azərbaycana qarşı təcavüz və işğalçılıq siyasətinin mərkəzi olduğunu bildirib. Prezident həmin yeri “bir şeytan yuvası” adlandırıb.