QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Bakıda 19 nəfəri aldatmaqda təqsirləndirilən “T-Group” MMC-nin direktoru Teymur Məhərrəmov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, 1 milyon manata yaxın vəsaiti ələ keçirməkdə təqsirli bilinib.
İttihama əsasən, Məhərrəmov vətəndaşlara Qəbələ, Quba, Qax, Şamaxı və Xaçmaz rayonlarında evlər, hovuzlar və istirahət guşələri tikəcəyini vəd edib. Qubanın Qəçrəş kəndində ev inşası üçün bir nəfərdən 150 min manat, Qaxın Qaxbaş kəndində tikinti məqsədilə 96 min manat, Qəbələdə ev tikmək üçün isə 82 min manat aldığı qeyd olunub.
Pulun bir hissəsi ofisdə nağd, qalanı isə bank kartına köçürülməklə verilib. Lakin şirkət rəhbəri vədlərini yerinə yetirməyib və sonradan yoxa çıxıb. Zərərçəkənlərin polisə müraciətlərindən sonra onun əməlləri üzə çıxıb.
İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanova baxıb. Zərərçəkmişlərin və şahidlərin ifadələri əsasında təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamlar sübuta yetirilib.
Pul itirən zərərçəkmişlər məhkəmədə başlarına gələnləri danışaraq vəsaitlərinin geri qaytarılmasını istəyiblər. Əks halda, Məhərrəmovun ağır cəzaya məhkum olunmasını tələb ediblər. Məhkəmənin hökmü ilə o, külli miqdarda dələduzluqda təqsirli bilinərək 7 il həbs cəzası alıb.