QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, 1970-ci illərin sonunda Qanada dərin iqtisadi böhran və dövlət idarəçiliyində korrupsiya hökm sürürdü. Bu şəraitdə hərbi hava qüvvələrində leytenant rütbəsi ilə xidmət edən Cerri Roulinqz ölkədəki vəziyyətə qarşı çıxdı.

1979-cu ilin iyununda Roulinqz bir qrup hərbçi ilə çevriliş etdi. Silahlı Qüvvələrin İnqilabi Şurasına rəhbərlik edən o, dövlət aparatında təmizləmə apardı və korrupsiyada ittiham olunanların cəzalandırılmasını hədəflədi. Bir neçə ay sonra isə idarəçiliyi seçki ilə formalaşmış mülki hökumətə verdi.

Mülki hakimiyyət ölkədəki problemləri həll edə bilmədi və vəziyyət yenidən ağırlaşdı. 1981-ci il dekabrın 31-də Roulinqz ikinci dəfə çevriliş edərək Milli Müdafiə Müvəqqəti Şurasının rəhbəri oldu və hakimiyyəti ələ aldı.

Bu dəfə o, uzunmüddətli idarəçiliyə başladı. 1980-ci illərdə Beynəlxalq Valyuta Fondu və Dünya Bankının dəstəyindən yararlanaraq bazar islahatları həyata keçirdi. Bu tədbirlər Qananın iqtisadi böhrandan çıxarılmasına yönəlmişdi.

1990-cı illərin əvvəlində ölkə daxilində və beynəlxalq səviyyədə demokratikləşmə tələbləri artdı. Roulinqz çoxpartiyalı sistemi bərpa etdi, Milli Demokratik Konqres partiyasını yaratdı və 1992-ci, 1996-cı il prezident seçkilərində qalib gəldi. O, 1993–2001-ci illərdə iki prezidentlik müddətini tamamladı.

1992-ci il seçkilərini müxalifət boykot etdi və nəticələrin saxtalaşdırıldığını bildirdi. Roulinqz on illik hərbi idarəçilikdən sonra televiziya, qəzetlər, dövlət büdcəsi və digər inzibati imkanlara nəzarət edirdi. Bu səbəbdən həmin seçkidə rəqabətin bərabərliyi və nəticələrin ədalətliliyi barədə şübhələr yaranmışdı.

Dörd il sonrakı seçkidə müxalifət daha yaxşı təşkilatlanmışdı. Səsvermə məntəqələrində çoxsaylı beynəlxalq müşahidəçilər vardı, səslərin hesablanması da ciddi nəzarətdə aparılırdı. Roulinqz 57 faizdən artıq səs toplayaraq qalib gəldi və nəticə geniş şəkildə qəbul edildi.

Qanalıların ona verdiyi dəstəkdə ölkənin iqtisadi vəziyyətinin yaxşılaşdırılması, korrupsiyaya qarşı mübarizə və gündəlik həyatdakı dəyişikliklər rol oynayırdı. 2000-ci ildə isə Roulinqzin partiyası seçkini uduzdu. O, nəticələri dəyişdirməyə cəhd göstərmədi, qalib namizədi təbrik etdi və vəzifədən çəkildi.

Konstitusiya ilə nəzərdə tutulan müddət başa çatdıqdan sonra Roulinqz hakimiyyəti müxalifətin namizədi Con Kufuora dinc yolla təhvil verdi. Bu addım Qanada və Afrikanın siyasi həyatında əhəmiyyətli presedent kimi yadda qaldı.

Vəzifədən ayrıldıqdan sonra Roulinqz beynəlxalq fəaliyyətini davam etdirdi. BMT ilə əməkdaşlıq çərçivəsində Afrika ölkələrinə səfərlər etdi və QİÇS-lə mübarizə təşəbbüslərinə qatıldı. O, 2020-ci ilin noyabrında, 73 yaşında vəfat etdi.