QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Narvanın keçmiş meri Katri Rayk Estoniya hökumətinin Rusiya ilə sərhədi bağlamaq qərarının şəhərə iqtisadi zərbə vuracağını bildirib.

Rayk müsahibəsində qərarın sakinlər üçün emosional baxımdan da ağır nəticələr doğuracağını deyib. Onun sözlərinə görə, Narva Tallinlə Sankt-Peterburq arasında yerləşən sərhəd şəhəridir, sərhədin bağlanması isə bu mövqeyi itirməsinə səbəb olacaq.

“İki böyük şəhər arasındakı yerimizi itirəcəyik. Avropa İttifaqının ucqarında, bir növ çıxılmaz nöqtədə qalacağıq. İnsanların bu vəziyyətin ağırlığını yaşadığını anlamaq lazımdır”, – keçmiş mer vurğulayıb.

Rusiya Turoperatorlar Assosiasiyasının məlumatına görə, 2024-cü ildə Rusiya vətəndaşları quru sərhədlərindən istifadə etməklə Avropaya 821 min səfər ediblər. Onlardan 510 mini, başqa sözlə, 60 faizdən çoxu Estoniya ilə sərhəd-keçid məntəqələrindən həyata keçirilib.

Rayk məsələnin turizmlə bitmədiyini qeyd edib. Qarşıdakı bayram günlərində bir çox insanın sərhədin digər tərəfində yaşayan yaxınlarını görmək istədiyini bildirib.

“Düzünü desəm, sərhədi 2027-ci ilin əvvəlində bağlayardım. İnsanlara vəziyyətə uyğunlaşmaq üçün bir ay vaxt ayırardım”, – o deyib.

Bununla yanaşı, keçmiş mer siyasi səbəblərdən Estoniyanın qərarını başa düşdüyünü bildirib. Onun fikrincə, müdafiə sənayesi müəssisəsinə qarşı təxribat cəhdindən sonra rəsmi Tallinn cavab addımları atmalıdır.

Moskvanın NATO-ya alyansın faktiki olaraq 1997-ci il sərhədlərinə qayıtması ilə bağlı tələbinə toxunan Rayk Estoniyanın təhlükəsizliyini təmin etmək üçün müttəfiqlərə ehtiyacı olduğunu söyləyib.

“Biz kiçik ölkəyik və tək qala bilmərik. Dünya siyasətinin məntiqi belədir. Hazırda bu yanaşma regionumuzda, bütün Baltikyanı ölkələr üçün qəbuledilməzdir”, – Katri Rayk əlavə edib.