QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Macarıstanda meşəlik sahələrdə, təsərrüfat tikililərində və gizli anbarlarda aşkarlanan milyonlarla avronun sahibini müəyyənləşdirmək mümkün olmayıb.

Macarıstanın Aktivlərin Geri Qaytarılması və Mühafizəsi üzrə Milli İdarəsinin (NVVH) rəhbəri Anna Unger RTL telekanalına bildirib ki, pul keçmiş milli inkişaf naziri Mikloş Şeştağın adının çəkildiyi cinayət işi ilə bağlı istintaq tədbirləri zamanı müsadirə olunub. Onun sözlərinə görə, əskinaslarda sahibin kimliyini üzə çıxara biləcək heç bir nişan və ya məlumat yoxdur.

Noyabrın 14-də ölkənin meşəlik ərazilərində, yardımçı tikililərində və gizli anbarlarında təxminən 17,6 milyon avro nağd pul tapıldığı açıqlanıb. Tapıntı Viktor Orbanın rəhbərlik etdiyi hökumətdə çalışmış Mikloş Şeştaqla əlaqəli korrupsiya araşdırması çərçivəsində aşkarlanıb.

Məsələ Macarıstanın siyasi müzakirələrində də gündəmə gəlib. Baş nazir Peter Magyar noyabrın 15-də istintaq çərçivəsində milyardlarla forint nağd vəsaitin götürülməsindən sonra Fides partiyasının “mafiyasının rəsmi sonunu” elan edib.

Magyar keçmiş baş nazir Viktor Orbanı “devrilmiş mafiya başçısı” adlandırıb və onun siyasi qüvvəsini cinayətkar təşkilat kimi səciyyələndirib.