QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, ABŞ-da 2026-cı il ərzində təsdiqlənən qızılca yoluxmaları 5 182-yə çatıb. Bu, son 35 ilin ən yüksək göstəricisidir.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, yoluxanların təqribən 59 faizi uşaq və yeniyetmələrdir. Onların 18 faizi 5 yaşdan kiçik, 41 faizi isə 5-19 yaş aralığındadır.

Qeydə alınmış halların 96 faizi epidemiya ocaqları ilə bağlıdır. Eyni zamanda, yoluxanların 96 faizinin peyvənd edilmədiyi və ya peyvənd statusu barədə məlumatın olmadığı bildirilib.

2025-ci ildə ölkədə ümumilikdə 2 289 qızılca hadisəsi qeydə alınmışdı. Beləliklə, 2026-cı ilin indiyədək olan sayı ötən ilin yekun göstəricisindən iki dəfədən artıqdır.

CDC-nin statistikasında cari il üçün qızılca ilə əlaqəli dörd ölüm göstərilir. Bununla belə, bəzi ştatların səhiyyə qurumları daha yüksək ölüm rəqəmləri açıqlayıb.

5 noyabr 2026-cı il tarixinə olan məlumatlar ABŞ-da qızılcanın yayılmasının ciddi ictimai səhiyyə problemi olaraq qaldığını göstərir.