QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Abşeron rayonunda ərinə xəsarət yetirməkdə təqsirləndirilən 34 yaşlı qadın məhkəmənin hökmü ilə cinayət məsuliyyətindən azad olunub.
İş materiallarına əsasən, 1992-ci il təvəllüdlü Aysu birgə yaşadığı evdə əri Musa ilə mübahisə edib. Adlar şərtidir. Mübahisənin əvvəlki gün Musanın telefonda ucadan danışması ilə bağlı yaranan sözlü qarşıdurmanın davamı olduğu bildirilir. Qadının ərinin hər iki bazusunu dişlədiyi, sol əl və döş qəfəsi nahiyələrində xəsarətlərə səbəb olduğu qeyd edilib.
Aysuya Cinayət Məcəlləsinin 128-ci, qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham verilib. O, məhkəmədə təqsirini qəbul edib.
Aysunun ifadəsinə görə, o və Musa 2020-ci ildə rəsmi nikaha daxil olub, həmin il qızları Ayla dünyaya gəlib. Qadın bildirib ki, evləndikdən təxminən iki ay sonra aralarında mübahisələr başlayıb. O, bir dəfə boşanmaq üçün məhkəməyə müraciət etdiyini, sonradan ərizəsini geri götürdüyünü, hazırda isə boşanma məsələsinə Xəzər Rayon Məhkəməsində baxıldığını deyib.
Aysu hadisədən əvvəlki axşam ərinin telefonda ucadan danışmasına irad bildirdiyini və bunun mübahisəyə səbəb olduğunu söyləyib. Hadisə günü saat 11:00 radələrində paltarını dəyişərkən Musadan otaqdan çıxmasını istəyib. Onun sözlərinə görə, Musa bundan imtina edib, aralarında mübahisə yaranıb və kişi onu təpiklə arxa nahiyəsindən vurub. Aysu ərinin onu itələyib sıxışdırdığını, özünü buraxmadığı üçün qolunu dişlədiyini bildirib.
Təqsirləndirilən şəxs mübahisənin təxminən 2-3 dəqiqə çəkdiyini, azyaşlı qızlarının da evdə olduğunu qeyd edib. Səs-küyə gələn komendant Təranənin Musaya irad bildirdiyini deyən Aysu, ərini söydüyünü və qolunu dişlədiyini, lakin ona zərbə vurmadığını söyləyib.
Musa isə ifadəsində ailə qurduqdan təxminən iki ay sonra mübahisələrin başladığını, Aysunun əvvəllər boşanmaq üçün məhkəməyə müraciət etsə də, sonradan ərizəsini geri götürdüyünü bildirib. Onun sözlərinə görə, hadisədən əvvəlki axşam Aysu telefonda yüksək səslə danışdığı üçün ona irad tutub və təhqiramiz ifadələr işlədib.
Musanın ifadəsinə əsasən, ertəsi gün saat 11:00 radələrində Aysu onu söyüb və əlindəki dolu çay stəkanını yerə vuraraq sındırıb. Musa əsəbiləşərək qadını təpiklə arxa nahiyəsindən vurduğunu, sonra onu itələdiyini etiraf edib. O bildirib ki, Aysu hər iki qolunu dişləyib, özü isə qadını uzaqlaşdırmaq üçün sinəsindən itələyib.
Zərərçəkmiş Musanın Aysuya qarşı şikayət və tələbi olmadığını bildirdiyi qeyd olunub. Abşeron Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 73.2-ci maddəsini tətbiq edərək qadını cinayət məsuliyyətindən azad edib və iş üzrə icraata xitam verib.