QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, “Omid” mağazalar şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və satış müdiri Tərlan Qasımzadə həbs olunublar. Onlar işçini döymək və hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilirlər.
İttihama əsasən, Məmmədov və Qasımzadə Gəncədə yerləşən “Omid Gəncə-3” mağazasının müdirini satışdan əldə olunan vəsaiti mənimsəməkdə günahlandırıblar. Daha sonra ona qarşı zor tətbiq etdikləri və müxtəlif üsullarla təzyiq göstərərək şirkətə vurulduğu iddia edilən ziyana görə 88 min manat istəyiblər.
Zərərçəkmişin polisə müraciətindən sonra şəbəkə rəhbəri və satış müdiri saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 182.2.3-cü, zor tətbiq etməklə hədə-qorxu yolu ilə tələb etməni nəzərdə tutan maddəsi üzrə ittiham verilib. Dünən axşam məhkəmənin qərarı ilə hər iki şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
“Omid” Azərbaycanda təmir, inşaat və məişət mallarının topdan və pərakəndə satışı ilə məşğul olan ən böyük şəbəkələrdən biridir. Şirkətin Bakı, Gəncə və Sumqayıtda, eləcə də rayonlarda 100-ə yaxın filialı fəaliyyət göstərir.