QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, sosial şəbəkə üzərindən geyim satışı adı ilə pul alan saxta profil barədə şikayət daxil olub.
Zərərçəkmişin müraciətində bildirilir ki, o, geyim almaq üçün TikTok-da fəaliyyət göstərən “Roya.boutique” (“Röya Butik”) səhifəsi ilə əlaqə saxlayıb. Səhifəni idarə edənlər onu profildə göstərilən WhatsApp nömrəsinə yönləndiriblər. Şikayətçinin sözlərinə görə, satıcılar bölgələrə çatdırılma etdiklərini desələr də, faktiki mağaza ünvanları yoxdur.
Vətəndaş noyabrın 5-də saat 11:12-də təqdim olunan bank kartına geyimin ödənişi kimi 50 manat köçürüb. Məhsulun həmin gün saat 18:00-da çatdırılacağı bildirilib. Lakin ödənişdən sonra geyim göndərilməyib, zənglər də cavabsız qalıb.
Araşdırma zamanı səhifənin şərhlərdə ünvanı soruşan istifadəçilərə eyni cavabları verdiyi və onları təkrarən həmin telefon nömrəsinə yönəltdiyi məlum olub.
Həmin mobil nömrə ad təyin etmə platformalarında “Röya Butik – Dələduzluq” adı ilə qeyd edilib. Nömrə ilə bağlı sistemdə 200-dən artıq şübhəli risk bildirişi var. Digər istifadəçilər də şərhlərdə pullarının mənimsənildiyini yazaraq “heç nə almayın”, “dələduz” və “fırıldaqçı” ifadələrindən yararlanıblar.
Zərərçəkmiş məsul qurumlardan onlayn dələduzluqla məşğul olan şəxslərin müəyyənləşdirilməsini və ona dəymiş ziyanın ödənilməsini istəyir.