QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, “Beverly Hills 90210” serialında Judy obrazı ilə tanınan amerikalı aktrisa və model Kimmarie Johnson 50 yaşında vəfat edib. Ölüm xəbərini onun qardaşı qızı Ronda Skott təsdiqləyib.
Johnson noyabrın 4-də dünyasını dəyişib. Yaxınlarının sözlərinə görə, oktyabrın 27-də Los-Ancelesdəki evində ciddi ürək problemi yaşadıqdan sonra təcili olaraq Cedars-Sinai Xəstəxanasına aparılıb. Həkimlər ona ürək anevrizması diaqnozu qoyublar.
Aktrisa xəstəxanada müalicə alsa da, ölümün rəsmi səbəbi hələ açıqlanmayıb.
Ronda Skott xalası barədə danışarkən onun insanlara müsbət enerji bəxş etdiyini və çox sevildiyini bildirib. Ailə üzvləri Johnsonun xatirəsini daim yaşadacaqlarını vurğulayıblar.
Aktyorluğa 1990-cı illərin sonunda başlayan Johnson 1998-ci ildə “Beverly Hills 90210” serialında Judy obrazını canlandıraraq tanınıb. O, 2000-ci ildə yayımlanan “Dude, Where's My Car?” filmində, həmçinin Pamela Andersonun rol aldığı “V.I.P.” serialında çəkilib.
Johnson modellik fəaliyyəti ilə də tanınıb. O, “Miss Pennsylvania USA” titulunu qazanıb, daha sonra “Miss USA” müsabiqəsində iştirak edib. 2011-ci ildə “SkinGlow by Kimmarie” adlı dəriyə qulluq brendini təsis edən aktrisa bu ilin avqustunda “Grazia Slovenia” jurnalının rəqəmsal üz qabığında yer alıb.
Kimmarie Johnsonun 2003-cü il təvəllüdlü Cameron Nino adlı oğlu var.