QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi daşqın və sel sularının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görür.

İdarənin balansında ümumilikdə 1382 kilometrdən çox mühafizə bəndi var. Bunun 936 kilometri Kür çayının, 134 kilometri Araz çayının, 312 kilometri isə dağ çayları və göllərin mühafizəsi üçün nəzərdə tutulub. Bəndlərdə yerləşən 123 hidrotexniki qurğunun saz və işlək vəziyyətdə saxlanıldığı bildirilib.

Hazırda idarənin balansındakı çaylarda bəndlərin möhkəmləndirilməsi və məcraların təmizlənməsi işləri aparılır. Çayların sərt döngələrində sahil yuyulmasının yaratdığı təhlükələrin aradan qaldırılması üçün 2012–2025-ci illərdə 21 689 paqonmetr sahədə daş-betonla sahilbərkitmə görülüb.

2026-cı ilin əvvəlindən indiyədək cari təmir planları çərçivəsində 39 kilometr məsafədə mühafizə bəndləri təmir edilib və qayakəsmə işləri aparılıb. Həmçinin 16 kilometr uzunluğunda çay məcrası təmizlənib.

Ötən il Kür, Araz və dağ çaylarında 125 kilometr uzunluğunda bənd təmir olunub, 31 kilometrdən artıq sahədə qayakəsmə, 36 kilometr boyunca isə məcratəmizləmə işləri yekunlaşıb. Bəndlər üçün təhlükə yarana biləcək ərazilərdə qaya uçqunlarının qarşısını almaq məqsədilə 1680 paqonmetr məsafədə daş-betonla sahil möhkəmləndirilib.

Yaz-yay mövsümündə mümkün daşqınlara hazırlaşan idarə Kür, Araz və dağ çaylarının xidmət ərazisinə aid hissələrində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Monitorinqlərin nəticələrinə əsasən, sel və daşqın sularının maneəsiz, qəzasız axıdılması və bəndlərin dayanıqlığının qorunması üçün təmir-bərpa və qayakəsmə tədbirləri görülür. Bəndlərin üzərində, yamaclarında və mühafizə zonalarında bitən yabanı ağaclar və kollar, eləcə də çay məcralarında suyun hərəkətinə mane olan bitkilər təmizlənir.

İdarə respublikanın 21 rayonunda fəaliyyət göstərir. Xidmət ərazisinə Qazax, Ağstafa, Bərdə, Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Ağcabədi, Kürdəmir, Ağsu, İmişli, Biləsuvar, Sabirabad, Beyləqan, Füzuli, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonları daxildir.