QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Bakıda həyat yoldaşını çapacaqla yaralamaqda ittiham olunan İradə Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində Roman Ələkbərlinin rəhbərlik etdiyi hazırlıq iclasında təqsirləndirilənin şəxsi məlumatları dəqiqləşdirilib.
Müdafiəçi Aqil Layıc İradə Hacıyevanın uzun müddət əri tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirib. O, müvəkkilinin faktiki qeydiyyat ünvanından fərqli bir yerdə ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Prokuror isə bu müraciətin əsassız olduğunu deyərək rədd edilməsini istəyib.
Məhkəmə müşavirədən sonra vəsatəti təmin etməyib. Həmçinin, təqsirləndirilən şəxs barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməməsi və işin məhkəmə baxışına verilməsi barədə qərar çıxarılıb. Baxış iclası noyabrın 16-na təyin edilib.
Hadisə bu il iyunun 28-də Yasamal rayonunda qeydə alınıb. Polisə Bakı sakini Elşən Hacıyevin bədəninin müxtəlif nahiyələrində kəsici alətlə yetirilmiş xəsarətlərlə xəstəxanada olması barədə məlumat daxil olub.
Araşdırma zamanı xəsarətləri onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü İradə Hacıyevanın yetirdiyi müəyyənləşib. Qadın saxlanılaraq istintaqa təhvil verilib.
İstintaqda verdiyi ifadəyə əsasən, İradə Hacıyeva hadisədən əvvəl ərinin fiziki zorakılığına məruz qaldığı üçün mətbəxdə istifadə olunan çapacaqla onun bədəninin müxtəlif yerlərini yaralayıb.
Ona Cinayət Məcəlləsinin 29.120.2.9-cu maddəsi ilə — xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd ittihamı irəli sürülüb.