QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Ağdamın işğal illərində qurulmuş müdafiə sistemi və rayonun döyüşsüz azad edilməsinin səbəbləri “Qarabağ xronikası” verilişində müzakirə olunub.
Ağdam 1993-cü il iyulun 23-də işğal olunmuşdu. Qarabağın əsas nəqliyyat və kommunikasiya qovşaqlarından sayılan rayonda Ermənistan tərəfi 27 il ərzində beş müdafiə xətti, mina sahələri, səngərlər, artilleriya mövqeləri və komanda məntəqələri qurmuşdu. Çobandağ və Çeyildağda yerləşən komanda məntəqələri istehkam sisteminin əsas hissələrindən idi.
İkinci Qarabağ müharibəsi 2020-ci il sentyabrın 27-də başlayanda ilk atəşlər Ağdamın işğal altında olan ərazilərindən açılmışdı. Azərbaycan Ordusu isə qarşı tərəfin gözlədiyi istiqamətdə hücum etmədi, cəbhənin digər sahələrində hərbi-strateji üstünlük əldə etdi.
Beləliklə, beş müdafiə xəttini birbaşa yarmaq zərurəti yaranmadı. Ağdam 2020-ci il noyabrın 20-də, 27 illik işğaldan sonra döyüş aparılmadan Azərbaycanın nəzarətinə keçdi.