QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Cəlilabad rayonunun Göytəpə şəhərində yaşayan 48 yaşlı Zahid Qədirov əlillik statusunun yenidən təyin olunması üçün etdiyi müraciətlərin nəticə vermədiyini deyir. O, uzun müddətdir ağır mədə-bağırsaq xəstəliyindən əziyyət çəkdiyini bildirib.

Qədirovun sözlərinə görə, 2019-cu ildə ona onikibarmaq bağırsaq xorası diaqnozu əsasında ikinci dərəcəli əlillik verilib. Beşillik müddət 2024-cü ilin yanvarında başa çatandan sonra statusun bərpası üçün müraciət etsə də, istəyinə müsbət cavab almayıb. O, maddi və gündəlik çətinliklərlə üzləşdiyini qeyd edərək yardım istəyir.

Şikayətçi bildirib ki, müxtəlif səbəblər göstərilməklə müraciətləri dəfələrlə rədd edilib. İlk dəfə müalicə müddətinin az olduğu qeyd olunub. Müalicəni davam etdirdikdən sonra da imtina cavabı aldığını və Masallıya yönləndirildiyini deyən Qədirovun sözlərinə görə, onun çəkisinin normadan üç-dörd kiloqram artıq olduğu əsas gətirilib.

“Çəki atmağa çalışıram, amma arıqlayanda səhhətim daha da pisləşir. Onikibarmaq bağırsaq xorası hələ də davam edir. Hazırda işləmirəm, üç övladım var. Əlilliyimin bərpası üçün dövlət qurumlarından kömək istəyirəm”, – deyə Zahid Qədirov bildirib.