QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Ermənistanda yeni konstitusiyanın qəbulu ətrafında müzakirələr kəskinləşdikcə ölkənin siyasi mühitində gərginlik də yüksəlir. Hakimiyyət yeni əsas qanunu davamlı sülhün təminatçısı kimi təqdim edir, müxalifət isə təşəbbüsün Bakının diktəsi ilə irəli sürüldüyünü iddia edərək ona qarşı çıxır.

Parlamentdə iqtidar və müxalifət nümayəndələri arasında qarşıdurma və qarşılıqlı ittihamlar yaşanır. Son iclasda spiker Ruben Rubinyan “Güclü Ermənistan” Partiyasının üzvü Edqar Kazaryanı zalı tərk etməyə məcbur edib.

Xarici işlər naziri Ararat Mirzəyan da həmin fraksiyanın deputatı Suzanna Avetisyanın Bakıda saxlanılan erməni əsilli separatçı-terrorçuların qaytarılması barədə iddiasına sərt cavab verib: “Onlar haqqında məndən daha çox düşündüyünüzü zənn edirsiniz? Vətənpərvərliyi necə ölçürsünüz? Sürətölçən, sayğac, tərəzi varmı? Yaxşı, onları çıxaraq, ölçək. Bəsdir, sülh olacaq. Ölsəniz belə, sülh olacaq”.

Müxalifətin “Əliyevin sülhü” ifadəsinə baş nazir Nikol Paşinyan kinayəli münasibət bildirib. O deyib ki, sülh sazişini imzalayacaq şəxs İlham Əliyev olacaq və bunu “milli rüsvayçılıq” və “sui-qəsd ifşası” kimi təqdim etməyin mənasız olduğunu vurğulayıb. Paşinyan Braziliya prezidenti Lula da Silvadan sənədə imza atmasını xahiş edə biləcəyini, lakin bunun Azərbaycanla sülh olmayacağını qeyd edib.

Baş nazir, həmçinin, erməni cəmiyyətində “türk” mövzusu ətrafında yaranan yanaşmaları tənqid edib. Onun sözlərinə görə, 1870-ci illərdən etibarən xalqı idarə etmək istəyən qüvvələr şüurun qaralmasına çalışıblar və bu səbəbdən “bütün şüurlu sistem” qarışıb.

Müxalifətin təzyiqləri fonunda hakim komandanın ümumxalq səsverməsində lazımi nəticəni əldə edib-etməyəcəyi və konstitusiya dəyişikliyini qəbul etdirə biləcəyi əsas müzakirə mövzularındandır.

Politoloq, professor Qabil Hüseynli bildirib ki, müxalif düşərgədəki qüvvələrin bir araya gəlməsi referendum üçün ciddi risk yaradır. Onun sözlərinə görə, revanşistlər, daşnaklar, Robert Köçəryan və Serj Sarkisyan tərəfdarları vahid cəbhədə birləşmək barədə razılığa gəliblər. Belə şəraitdə səsvermə təhlükə altına düşə bilər: seçicilər referendumda iştirak etməyə bilər, yaxud müxalifət konstitusiya dəyişikliyinə qarşı səsvermə üçün vəziyyəti gərginləşdirə bilər.

Hüseynli əlavə edib ki, Paşinyan Ermənistanı müasir və sivil inkişaf istiqamətində aparmaq niyyətindədir, lakin ölkədaxili siyasi gərginlik referendumun nəticələrinə birbaşa təsir göstərə bilər.