QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, noyabrın 21-də Hanoyda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Vyetnamın birinci xanımı No Fon Li ilə görüşüb. Görüş Hanoydakı İrs Evində keçirilib.
Mehriban Əliyevaya, eləcə də qızları Leyla və Arzu Əliyevaya Köhnə Məhəllədə yerləşən XIX əsrə aid İrs Evində Vyetnam əl işləri barədə məlumat verilib. Bina ölkənin ənənəvi yaşayış memarlığını və tacirlərin həyat tərzini əks etdirir.
Azərbaycan nümayəndələri Vyetnam çay təqdimetmə mərasimini izləyiblər. Ardınca XI əsrdən gələn və UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına salınan Ca Trù ifa sənəti nümayiş etdirilib. Bu ənənədə qadın ifaçının poetik çıxışı üçsimli musiqi aləti və barabanın müşayiəti ilə təqdim olunur.
Proqram çərçivəsində Vyetnamın milli rəmzi sayılan Áo Dài geyimləri də nümayiş olunub. Ənənəvi ipəkdən hazırlanan, naxış və işləmələrlə bəzədilən geyimlər ölkənin müxtəlif dövrlərini təmsil edir.
Görüşün sonunda Mehriban Əliyevaya Vyetnam kalliqrafiyasına aid nümunə hədiyyə edilib.