QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, “20th Century Studios” “Evdə tək” filminin yeni davamını hazırlayır və Makoley Kalkin ekran işində yenidən Kevin rolunu oynayacaq. Yetkinləşmiş qəhrəmanın həyatını əks etdirəcək layihə ilkin hazırlıq mərhələsindədir.

Filmin ssenarisini Set Roqen və Evan Qoldberq yazacaq, onlar eyni zamanda prodüser kimi də çıxış edəcəklər. Süjet barədə əlavə məlumat açıqlanmayıb.

Kalkin bir il əvvəl davam filmində Kevin Makkallister obrazına qayıtmağa qarşı olmadığını demişdi. Onun təklif etdiyi süjetdə böyümüş Kevin övladını təkbaşına böyüdür, amma uşağa yetərincə diqqət göstərmir. Bir hadisədən sonra incik uşaq atasını evə buraxmır və onun üçün müxtəlif tələlər hazırlayır.

Bununla yanaşı, franşizanın rejissoru Kris Kolambus “Evdə tək” filminin yenidən çəkilməsinə qarşı olduğunu bildirmişdi.

Kolambus fikrincə, film təkrarı mümkün olmayan, özünəməxsus bir hadisədir. O, 35 il əvvəl yaradılan işi yenidən canlandırmağa cəhd etməyin yanlış olacağını deyərək layihənin olduğu kimi qalmasının daha yaxşı olduğunu vurğulamışdı.