QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın dekabrda Azərbaycana səfəri gözlənilir. Simonyan səfər zamanı texniki məsələlərin və iki ölkə arasında əməkdaşlıq imkanlarının müzakirə ediləcəyini bildirib. O, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfərinə cavab olaraq atılan qarşılıqlı addım kimi təqdim edib.

Siyasi şərhçi Çingiz Şahbazi Demokrat.az-a açıqlamasında səfər reallaşarsa, onun Azərbaycan-Ermənistan münasibətlərində siyasi irəliləyişə və qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verə biləcəyini deyib.

Şahbazinin sözlərinə görə, səfərin qarşılıqlı xarakter daşıması xüsusi əhəmiyyət kəsb edir. O qeyd edib ki, Hikmət Hacıyevin iyunda Ermənistana getməsindən sonra Simonyanın Azərbaycana səfəri nəzərdə tutulur. Şərhçi bunu diplomatik baxımdan önəmli sayaraq tərəflərin üçüncü ölkələrdə görüşmək əvəzinə bir-birinin ərazisində təmaslara başladığını bildirib. Səfərin Bakıda deyil, Azərbaycanın başqa bir məntəqəsində keçirilə biləcəyi qeyd olunur.

Ekspertin bildirdiyinə görə, Ermənistan mediasında itkin düşmüş şəxslərlə bağlı məsələlərin, o cümlədən bu sahədə fəaliyyət planlarının mübadiləsinin görüşdə müzakirə edilə biləcəyi yazılıb. Şahbazi bu mövzunun yalnız diplomatik protokolla məhdudlaşmadığını, müharibənin humanitar nəticələrinin aradan qaldırılması və etimadın yaranması baxımından əhəmiyyət daşıdığını vurğulayıb.

O, təmasları 30 ildən artıq sürən münaqişədən sonra münasibətləri normallaşdırmaq və sülhü rəsmiləşdirmək cəhdlərinin tərkib hissəsi kimi qiymətləndirib. Şahbazinin fikrincə, yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri əvvəlki diplomatik əngəllərin qismən aradan qalxdığını göstərir.

Şərhçi 12 noyabr 2026-cı ildə Dublində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə nəqliyyat, ticarət, sərhədlərin delimitasiyası, TRIPP və elektrik enerjisi layihələrinin müzakirə olunduğunu xatırladıb. Onun sözlərinə görə, Ermənistana Azərbaycan ərazisindən 105 min ton yükün daşınması da prosesin praktiki nəticələrindəndir.

Şahbazi Simonyanın səfərini bu təmasların davamı hesab edib və ABŞ-nin Cənubi Qafqazdakı yeni geosiyasi mövqeyinin də prosesə təsir etdiyini deyib. Onun sözlərinə görə, ABŞ-nin iştirakı ilə həyata keçirilən TRIPP layihəsi regionun nəqliyyat və iqtisadi xəritəsində dəyişiklik yarada bilər. Ekspert müzakirələrin Azərbaycan-Ermənistan münasibətlərindən əlavə, Orta Dəhlizin genişlənməsi, Türkiyənin regional rolu, İranın maraqları və Rusiyanın ənənəvi təsir imkanlarına da aid olduğunu bildirib.

Şərhçi əlavə edib ki, Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi-siyasi əlaqələr sistemi qurmağa çalışır. Onun qənaətinə görə, qarşılıqlı səfərlər etimadı artırmağa xidmət edir, itkin düşmüş şəxslər barədə əməkdaşlıq isə daha geniş siyasi məna daşıyır. Tərəflərin həssas məlumatları paylaşması, ortaq mexanizmlər yaratması və qarşılıqlı öhdəliklər götürməsi münasibətlərdə keyfiyyət dəyişikliyinə işarədir.

Şahbazi sülh sazişinin 9-cu maddəsində itkin düşmüş şəxslərlə bağlı məlumat mübadiləsi və əməkdaşlığın nəzərdə tutulduğunu da qeyd edib. Onun fikrincə, qarşılıqlı səfərlər iki ölkənin yeni münasibətlər modelinə uyğunlaşması prosesidir. Ermənistan əvvəlki qarşıdurma yanaşmasından yeni reallıqlara uyğunlaşmağa keçir və bir sıra məsələləri beynəlxalq vasitəçilərdən asılı olmadan Bakı ilə müzakirə etməyin vacibliyini qəbul edir.

Ekspert bu dəyişiklikdə Azərbaycanın regional mövqeyinin də rol oynadığını bildirib. O, Simonyanın dekabr səfərini sülhün gündəlik diplomatik təcrübəyə çevrilməsinin əlaməti kimi dəyərləndirib və tərəflərin bir-birini yalnız münaqişə tərəfi deyil, gələcəkdə əməkdaşlıq etməli olduqları qonşu dövlət kimi görməyə başladığını söyləyib.