QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Ali Məhkəmənin Cinayət kollegiyası həkimin səhlənkarlıq və vəzifə saxtakarlığı ittihamı ilə bağlı iş üzrə apellyasiya hökmünü ləğv edib və cinayət işini yeni məhkəmə baxışına göndərib. Qərar vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə qəbul olunub.
İttihamda bildirilib ki, mama-ginekoloq hamilə qadının doğuşdan əvvəlki vəziyyətini düzgün qiymətləndirməyib və lazımi müayinələri seçməyib. Dölün ana bətnində kəskin hipoksiya keçirməsi təxirəsalınmaz cərrahi müdaxiləyə tibbi əsas yaratdığı halda, əməliyyat vaxtında aparılmayıb. Nəticədə ana bətnindən gec çıxarılan körpə əməliyyatdan az sonra perinatal mərkəzdə vəfat edib.
İttihama görə, həkim məsuliyyətdən yayınmaq və səhlənkarlığını gizlətmək üçün doğuşun gedişi və nəticələrinə dair rəsmi sənəd olan “Doğum tarixi”nə bilərəkdən yanlış məlumat yazıb. Ekspert rəyləri, şahid ifadələri və tibbi qeydlər dölün perinatal mərkəzə gətirilərkən diri olduğunu, ürək döyüntüsünün eşidildiyini təsdiqləsə də, həkim qəbul zamanı onun ölü olduğu barədə qeyd aparıb.
Birinci instansiya məhkəməsi həkimi Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə vəzifə saxtakarlığında, 314.2-ci maddəsi ilə isə ağır nəticələrə səbəb olan səhlənkarlıqda təqsirli bilərək üç il müddətinə azadlığın məhdudlaşdırılmasına məhkum edib.
Müdafiəçinin apellyasiya şikayətindən sonra apellyasiya məhkəməsi həkimin cinayət qanunvericiliyində nəzərdə tutulan vəzifəli şəxs statusuna malik olmadığı qənaətinə gəlib. Bu səbəbdən 313-cü maddə üzrə hökmü ləğv edib və cinayət tərkibinin olmadığı əsası ilə ona bəraət verib. Səhlənkarlıqla bağlı əməl isə 314.2-ci maddədən 142.4-cü maddəyə tövsif edilib. Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla həkim müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilmədən iki il müddətinə azadlığın məhdudlaşdırılmasına məhkum edilib.
Apellyasiya hökmündən kassasiya protesti verilib. Ali Məhkəmənin Cinayət kollegiyası yoxlama zamanı cinayət-hüquqi tövsif və qanunun geriyə qüvvəsinin tətbiqi ilə bağlı maddi və prosessual hüquq normalarının pozulduğunu müəyyən edib. Kollegiyanın qənaətinə əsasən, apellyasiya məhkəməsi ittiham olunan əməlin bütün cinayət tərkibi əlamətlərini birlikdə araşdırmayıb. Vəzifə saxtakarlığı ittihamında hərəkətlərin obyektiv tərəfi yoxlanılmadan, yalnız həkimin vəzifəli şəxs sayılmaması əsas götürülüb.
Ali Məhkəmə qeyd edib ki, 313-cü maddədə nəzərdə tutulan cinayətin subyekti vəzifəli şəxs olmalıdır. Bununla belə, bu statusun olmaması rəsmi sənədlərin saxtalaşdırılması ilə bağlı hərəkətləri avtomatik olaraq cinayət-hüquqi qiymətləndirmədən kənarlaşdırmır. Məhkəmələr belə əməllərin başqa cinayət normalarına uyğun olub-olmadığını da araşdırmalıdır.
Kollegiya xatırladıb ki, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi rəsmi sənədləri saxtalaşdırmağa görə məsuliyyət müəyyən edir və bu normanın tətbiqi üçün şəxsin vəzifəli şəxs statusuna malik olması şərt deyil. Buna görə apellyasiya məhkəməsi ittihamda göstərilən hərəkətlərin həmin maddə ilə tövsifinin mümkünlüyünü də qiymətləndirməli idi.
Ali Məhkəmə 314.2-ci maddədən 142.4-cü maddəyə tövsif zamanı cinayət qanununun geriyə qüvvəsinin tətbiqini də araşdırıb. Ümumi qaydaya görə, əmələ hüquqi qiymət onun törədildiyi vaxt qüvvədə olan qanun əsasında verilir. Əməlin cinayət sayılmasını aradan qaldıran, cəzanı yüngülləşdirən və ya şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran qanun geriyə tətbiq oluna bilər. Lakin bunun üçün əməl törədildiyi dövrdə qüvvədə olan qanunla cinayət hesab edilməlidir.
İşdə apellyasiya məhkəməsi həkimi vəzifəli şəxs hesab etməsə də, onun əməlini hadisə vaxtı qüvvədə olmayan 142.4-cü maddə ilə tövsif edib. Ali Məhkəmə vurğulayıb ki, həm vəzifə saxtakarlığı, həm də səhlənkarlıq cinayətlərinin subyekti vəzifəli şəxsdir. Eyni subyekt əlaməti olan bu cinayət tərkiblərinə fərqli yanaşılması apellyasiya hökmündə əsaslandırma ziddiyyəti yaradıb.
Kollegiyanın mövqeyinə görə, əvvəlki qanunla şəxsin əməlində cinayət tərkibi olduğu müəyyənləşdirilmədən sonradan qəbul edilmiş daha yüngül qanunun tətbiqi Cinayət Məcəlləsinin 10.3-cü maddəsinin tələblərinə uyğun deyil. Kassasiya protesti təmin edilib, apellyasiya hökmü ləğv olunub və iş yenidən baxılması üçün məhkəməyə qaytarılıb.