QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Rusiya hakimiyyəti Almaniya hava limanında xarici xüsusi xidmət orqanının təmsilçisi ilə söhbəti xarici kəşfiyyatla əməkdaşlıq kimi dəyərləndirə bilər. Hüquq müdafiəçisi Dmitri Zair-Bek bu ehtimalla bağlı xəbərdarlıq edib.
Zair-Bek Rusiya vətəndaşlarını xarici ölkələrin xüsusi xidmət orqanlarının nümayəndələri ilə ünsiyyətdə ehtiyatlı olmağa çağırıb. O bildirib ki, Rusiya qanunvericiliyi belə qurumlarla əməkdaşlığa görə məsuliyyət müəyyən edir və əməkdaşlıq anlayışını geniş izah edir.
“Xarici xüsusi xidmət orqanının nümayəndəsi sizinlə danışırsa və siz Rusiya vətəndaşısınızsa, nəzərə alın ki, Rusiya qanunvericiliyi bu orqanlarla əməkdaşlığa görə məsuliyyət nəzərdə tutur. Həm də əməkdaşlıq anlayışı çox geniş yozulur”, – deyə Zair-Bek qeyd edib.
Hüquq müdafiəçisi belə görüşlərdə məlumatların məxfi qalacağına arxayın olmamağı da məsləhət görüb. Onun sözlərinə görə, informasiyanın gizli saxlanacağına təminat yoxdur və bəzi hallarda məlumatlar şəxsin xəbər tutmasını istəmədiyi adamlara da ötürülə bilər.
Hava limanında xüsusi xidmət nümayəndəsi ilə aparılan söhbətin xarici kəşfiyyatla əməkdaşlıq sayılıb-sayılmayacağı barədə suala cavab verən Zair-Bek, Rusiya hakimiyyətinin bunu belə qiymətləndirməsi ehtimalını yüksək hesab etdiyini bildirib.
O, məxfi əməkdaşlığa razılıq verildiyini təsdiqləyən sənədə imza atılması halında riskin daha da yüksəldiyini vurğulayıb.