QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, erməni rəqqas Arsen Ağamalyan “Azerbaijan Dance Festival 2026” festivalında iştirakından sonra təəssüratlarını sosial şəbəkədə bölüşüb.

O, tədbiri ömrünün sonunadək yaddaşında saxlayacağını bildirib. Ağamalyan dəvət və qonaqpərvərliyə görə təşəkkür edib, festivalın fərqli düşüncəyə və müxtəlif nəsillərə mənsub iki insanın ortaq nöqtə taparaq möcüzə yarada bilməsini göstərdiyini qeyd edib.

Rəqqas səfərin onun üçün xüsusi məna daşıdığını vurğulayıb. Uşaqlıqda həyətində birgə oynadığı qonşularla görüşü unutmayacağını deyən Ağamalyan böyüdüyü həyətə qayıtmağın onda güclü təəssürat yaratdığını yazıb.

O, Bakını zəngin tarixi və memarlığı ilə seçilən möhtəşəm, son dərəcə gözəl şəhər adlandırıb. Şəhərin tarixi barədə məlumat aldıqlarını bildirən rəqqas burada müxtəlif milli və dini kimliklərə mənsub insanların yaşadığını qeyd edib.

Ağamalyan paylaşımına yazılan mənfi rəylərə də münasibət bildirib. O, bədxah və pis niyyətli insanların şərhlərini oxumadığını yazıb, pis davranan heç bir azərbaycanlı ilə rastlaşmadığını və mənfi fikirlərin yalan olduğunu bildirib.

Rəqqas İncil və Qurandan yalanla bağlı ifadələri xatırladaraq, Allahın səbrini sınamamağa çağırıb və hər kəsə sülh arzulayıb.

Xatırladaq ki, Arsen Ağamalyan iki yaşına qədər Bakıda, daha sonra isə Xankəndidə yaşayıb.