QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, dünya bazarında enerji, ərzaq, xammal və digər əmtəələrin bahalaşması qlobal iqtisadiyyata təsir etməklə yanaşı, Azərbaycanda da iqtisadi nəticələrə səbəb ola bilər. İdxal məhsullarının qiymət artımı daxili bazara, istehsal xərclərinə və inflyasiyaya təsir göstərə bilər.

Qlobal bahalaşmanın Azərbaycanın iqtisadi imkanlarına və əhalinin alıcılıq qabiliyyətinə təsiri ilə bağlı iqtisadçı Günay Hüseynova danışıb. O bildirib ki, qlobal inflyasiyanın sürətlənməsi mal və xidmətlərin, o cümlədən ərzaq məhsullarının qiymətlərində artımla müşayiət olunur.

Hüseynovanın sözlərinə görə, texnologiyaların inkişafı məhsulun maya dəyərini azaltmalı, bunun nəticəsində ərzaq nisbətən ucuzlaşmalıdır. Bununla belə, inflyasiya və geosiyasi gərginliklər ərzaq qiymətlərinin yüksəlməsinə səbəb ola bilər.

İqtisadçı qeyd edib ki, ayrı-ayrı ölkələr müxtəlif məhsulların istehsalı üzrə ixtisaslaşıb. Buğda Qazaxıstan, Rusiya və Ukraynadan, quru paxlalılar və fındıq Türkiyədən, banan və kivi isə subtropik ölkələrdən tədarük olunur.

Onun fikrincə, ölkədə müharibə vəziyyətinin yaranması və ya həmin dövlətə sanksiya tətbiqi qiymətlərin artmasına yol aça bilər. Bu prosesdən ən çox idxaldan asılı ölkələr təsirlənir: yerli istehsal daxili tələbatı ödəmədikdə məhsullar xaricdən gətirilir və qiymət artımı əhaliyə daha çox yük olur.

Hüseynova bildirib ki, bəzi ölkələrdə kiçik fermer və kəndli təsərrüfatlarının istehsalı idxal məhsullarının bahalaşmasının təsirini azaldır. Yüksək texnologiyalı digər ölkələr isə idxaldan əldə etdikləri gəlirlərlə daxili bazar qiymətlərini tənzimləyirlər.

İqtisadçının sözlərinə görə, büdcə xərclərini neft gəlirləri ilə maliyyələşdirən ölkələr də var. Neft gəlirləri qeyri-neft sektorunun inkişafına yönəlmədikdə, kənd təsərrüfatının gəlirliliyi illərlə büdcədən milyardlarla vəsait ayrılmasına baxmayaraq zəif qaldıqda və ölkə idxaldan asılı olduqda, ərzağın bahalaşması vətəndaşların maliyyə yükünü artırır.