QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xocalı soyqırımı zamanı həlak olmuş Şöhrət Həsənova həsr edilən “Bir şəkil” sənədli filminin təqdimatı keçirilib.

Tədbirdə Komitənin rəsmiləri və əməkdaşları iştirak ediblər. Mərasimə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını itirən şəhidlərin, eləcə də Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanılıb.

Komitə sədrinin müavini Fuad Hüseynov bildirib ki, Prezident İlham Əliyev Heydər Əliyevin dövlətçilik ənənələrini davam etdirir, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli isə dövlət siyasətinin əsas prioritetlərindəndir. O, Birinci vitse-prezident Mehriban Əliyevanın bu məsələlərə xüsusi diqqət göstərdiyini də qeyd edib.

Təqdimatda vurğulanıb ki, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışı davam edir. İndiyədək işğaldan azad edilmiş ərazilərdə 50-yə yaxın yaşayış məntəqəsində daimi məskunlaşma təmin olunub.

Daha sonra nümayiş etdirilən ekran əsəri Xocalının blokadası dövründə sakinlərin səsini dünyaya çatdıran “Xocalının səsi” qəzetinin nəşrində mühüm rol oynamış Şöhrət Həsənovun həyatından və döyüş yolundan bəhs edir. Filmdə onun Xocalıda həm qələmlə, həm də silahla mübarizə apardığı göstərilir.

Layihəyə Xuraman Osmanova rəhbərlik edib. Filmin ideya müəllifi və rejissoru Nicat Cəlilov, ssenari müəllifi isə Orxan Aslandır.

Nümayişdən sonra Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov və Nicat Cəlilov filmin əhəmiyyəti, hazırlanma prosesi və ekran əsəri ilə bağlı təəssüratları barədə danışıblar.

Şöhrət Həsənov 1944-cü il dekabrın 23-də Xocalı rayonunda anadan olub. O, uzun müddət müxtəlif məsul vəzifələrdə çalışıb, Xocalı soyqırımı zamanı isə Rayon İcra Hakimiyyətində işləyib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin hücumu zamanı dinc sakinlərin xilas edilməsi üçün sonadək döyüşüb. Həsənov döyüşlərdə düşmən tərəfindən işgəncə ilə qətlə yetirilib.

Şəhidin məzarı Bakıdakı Şəhidlər Xiyabanındadır. O, fədakar xidmət və şücaətinə görə “İgidliyə görə” medalı ilə təltif edilib.

Sənədli filmin ilk təqdimatı ötən həftə Nizami Kino Mərkəzində keçirilib. Tədbirdə şəhidin yaxınları, rəsmi qonaqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.