QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Bakıda atasını öldürməkdə təqsirləndirilən Ayxan Vəlizadə barəsindəki hökmdən prokuror apellyasiya protesti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə baxılacaq.

İş üzrə ilk məhkəmə iclası dekabrın 3-nə təyin olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun rəhbərlik etdiyi yekun iclasda prokuror Ayxan Vəlizadənin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Məhkəmə isə əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən 123.1-ci maddəsinə, yəni zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürməyə tövsif edib və ona 1 il 6 ay həbs cəzası verib.

Hadisə 2025-ci ilin dekabrında Sabunçu rayonunun Ramana qəsəbəsində, “Gülçülük sovxozu” kimi tanınan ərazidə baş verib. Polisə qəsəbə sakini, 1981-ci il təvəllüdlü İftixar Vəlizadənin yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub.

İlkin araşdırma zamanı İftixar Vəlizadəyə kəsici alətlə xəsarət yetirərək öldürməkdə onun 2006-cı il təvəllüdlü oğlu Ayxan Vəlizadənin iştirakına dair əsaslı şübhələr yaranıb. O, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilmiş və Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham olunub.