QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, broyler toyuqlarının sürətlə böyüməsi hormonlardan istifadə edilməsi ilə deyil, seleksiya və yetişdirilmə xüsusiyyətləri ilə bağlıdır. Qida texnoloqu Ağa Salamov bu quşların hormonlarla böyüdülməsi barədə iddiaların elmi əsasının olmadığını bildirib.
Broylerlərin qısa müddətdə yüksək çəkiyə çatması istehlakçılarda onların ətinin sağlamlığa təsiri və yetişdirilməsində hormon tətbiqi barədə suallar doğurur. Ağa Salamovun sözlərinə görə, sürətli çəki artımının əsas səbəbi uzun illər aparılmış seleksiya və quşların genetik xüsusiyyətləridir.
Ekspert qeyd edib ki, broylerlər qarğıdalı, soya, yağ, kəpək və vitaminlərlə zənginləşdirilmiş xüsusi balanslı yemlə qidalanırlar. Bu qidalanma onların inkişafına və qısa vaxtda çəki yığmasına kömək edir.
Quşların hərəkət imkanlarının məhdudluğu, eləcə də yemə asan çıxışının olması da çəki artımına təsir edir. Ağa Salamov bildirib ki, toyuqlar enerjilərinin böyük hissəsini qidalanmağa və böyüməyə sərf edirlər.
Qida texnoloqu hormon istifadəsinin təsərrüfat baxımından sərfəli olmadığını da vurğulayıb. Onun sözlərinə görə, belə müdaxilə məhsulun maya dəyərini yüksəldərək satış qiymətinə təsir edə bilər.
Beləliklə, broylerlərin sürətli böyüməsi hormonlarla deyil, genetik seleksiya, balanslaşdırılmış yem və yetişdirilmə şəraiti ilə izah olunur.