QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, oftalmoloq Ofeliya Allahverdiyeva göz müayinəsi olmadan alınan hazır eynəklərin görmə göstəricilərinə uyğun gəlmədiyi halda müxtəlif narahatlıqlar yarada biləcəyini bildirib.

Həkimin sözlərinə görə, bəzi insanlar görmə ilə bağlı çətinliklərini aradan qaldırmaq üçün mütəxəssisə müraciət etmək əvəzinə aptek və satış məntəqələrindən eynək alıb istifadə edirlər. O, bu seçimdə maddi imkanların və göz sağlamlığı barədə məlumatlılığın az olmasının rol oynadığını qeyd edib.

Allahverdiyeva hazır eynəklərə xüsusilə 28 May və 20 Yanvar metro stansiyalarının yaxınlığında rast gəlindiyini deyib. Uyğun olmayan eynək baş ağrısı, başgicəllənmə, gözlərin yorulması və sulanması, yazıların qoşa görünməsi, eləcə də diskomfort yarada bilər. Material keyfiyyətsiz olduqda gözlərdə qızartı, qıcıqlanma və quruluq da mümkündür.

Oftalmoloq bildirib ki, hazır məhsullarda bəbəklər arasındakı məsafə adətən 61-63 millimetr götürülür. Halbuki bu ölçü fərdi olur və bəzi şəxslərdə 58, 67, 68 və ya 70 millimetr təşkil edə bilər. Buna görə eyni eynək hər kəs üçün uyğun sayılmır.

Eynəyi seçərkən onun hansı məsafədən istifadə ediləcəyinin də nəzərə alınması vacibdir. İnsanlardan biri telefonu, digəri qəzeti oxuyarkən məhsulu yoxlaya bilər, lakin məsafə düzgün müəyyən edilməsə, seçilən eynək görmə ehtiyacına uyğun olmaya bilər. Bu da gözlərin yorulmasına, mətnin ikiləşməsinə və başqa şikayətlərə gətirib çıxara bilər.

Həkimin diqqətə çatdırdığı digər məqam sağ və sol gözün görmə səviyyəsinin fərqli ola bilməsidir. Hazır eynəklərdə isə hər iki tərəf üçün eyni nömrəli linzalar istifadə olunur. Astiqmatizmi olanlar üçün də sferik şüşələr uyğun deyil; onlara silindrik şüşələr tələb olunur. Əks halda baş ağrısı, başgicəllənmə, hətta ürəkbulanma yarana bilər.

Allahverdiyeva eynək almamışdan qabaq həkim müayinəsindən keçməyi tövsiyə edib. Müayinə zamanı görmə zəifliyi ilə yanaşı, katarakta, torlu qişa və digər göz problemlərini də müəyyənləşdirmək mümkündür.

O, mənşəyi bəlli olmayan, keyfiyyətsiz materialdan hazırlanan eynəklərin əlavə fəsadlara yol aça biləcəyini də vurğulayıb. Belə məhsullarda uyğun optik göstəricilər və qoruyucu örtüklər olmaya bilər. Oftalmoloq kontakt linzaların da düzgün seçilməsi və istifadə qaydalarına əməl edilməsinin vacibliyini qeyd edib.