QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, terapevt Rasif Bağırov payız mövsümündə immun sistemini güclü saxlamaq üçün vitamin və mineral çatışmazlıqlarını müəyyənləşdirməyin vacib olduğunu bildirib.
Həkimin sözlərinə görə, bunun üçün müayinələr aparılmalı, orqanizmdə əskik olan maddələr müəyyən edilərək çatışmazlıq aradan qaldırılmalıdır. O, immunitetə mənfi təsir edə bilən amillər sırasında həddindən artıq yorğunluğu, yuxusuzluğu və uzun müddət soyuqda qalmağı da qeyd edib.
Bağırov belə halların qarşısını almaq məqsədilə gündəlik həyat rejiminin düzgün qurulmasını və immun sisteminə zərər verən təsirlərdən uzaq durmağı tövsiyə edib.
Terapevt xroniki xəstəlikləri olan şəxslərin də ehtiyatlı davranmalı olduğunu vurğulayıb. Onun bildirdiyinə görə, xəstəliklərin kəskinləşməməsi üçün müalicəni davam etdirmək və həkimin təyin etdiyi dərmanları qəbul etmək lazımdır.
Bağırov sadalanan tövsiyələrə əməl olunmasının immun sisteminin zəifləməsinin qarşısını almağa yardım edə biləcəyini bildirib.