QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi apteklərdə və optika şöbələrində lisenziyasız göz müayinələrinin aparılmasının yolverilməz olduğunu bildirib.
Nazirliyin Analitik Ekspertiza Mərkəzinin açıqlamasına görə, eynək və digər optik məhsulların satışı tibbi xarakterli göz müayinəsindən ayrı fəaliyyət sayılır.
Qanunvericiliyə əsasən, oftalmoloqun apardığı tibbi göz müayinələri özəl tibb fəaliyyəti hesab edilir. Bu xidmət üçün müvafiq lisenziya, zəruri tibbi avadanlıq və uyğun şərait olmalıdır. Aptekdə oftalmoloqun işləməsi həmin tələbləri qüvvədən salmır.
Nazirlik qeyd edib ki, lisenziyasız tibbi fəaliyyət və digər qanun pozuntuları aşkarlanarsa, hallar araşdırılacaq, məsul şəxslər barəsində isə qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Vətəndaşlara göz sağlamlığı ilə bağlı müayinələrdən keçmək üçün müvafiq lisenziyası olan tibb müəssisələrinə müraciət etmək tövsiyə olunub. Apteklərdə optik məhsullar satıla bilər, tibbi müayinələr isə qanuni tələblərə riayət edilməklə həyata keçirilməlidir.