QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Şükranlıq bayramından sonra qalan yeməklərin təhlükəsiz saxlanması yenidən diqqət mərkəzinə düşüb. Hinduşka, kartof püresi, salatlar və digər qidalar bir neçə gün ərzində yeyilsə də, düzgün şərait olmadıqda qida zəhərlənməsi riski yarana bilər.

ABŞ-nin “AOL” nəşrinin dərc etdiyi tövsiyələrə əsasən, bişmiş yeməkləri soyuducuda dörd gündən çox saxlamaq məsləhət görülmür. Soyuducunun temperaturu 4,4 dərəcə Selsi və ya daha aşağı olmalıdır. Dondurucuda olan qidalar isə növündən asılı olaraq 2-6 ay ərzində keyfiyyətini saxlaya bilər.

Florida A&M Universitetində qida mikrobiologiyası üzrə dosent Vicay Çetri bişmiş yeməklərin hazırlandıqdan sonra iki saat keçməmiş soyuducuya qoyulmasını tövsiyə edib. O qeyd edib ki, yeməkləri kiçik, dayaz qablara bölmək onların daha tez soyumasına imkan verir.

Qalıqları hava keçirməyən qablarda saxlamaq və hazırlanma tarixini qabın üzərində göstərmək də tövsiyələr arasındadır. Yemək yenidən istifadə edilərkən onun daxili temperaturu 74 dərəcəyədək yüksələnə qədər qızdırılmalıdır.

Hinduşkanın içində bişirilən içlik gec soyuduğu üçün bakteriyaların artmasına şərait yarada bilər. Buna görə mütəxəssislər onu bişdikdən dərhal sonra kiçik qablara ayırmağı məsləhət görürlər.

Alabama A&M Universitetinin qida elmləri professoru Coş Herring kartof və makaron salatlarının saxlanmasına xüsusi diqqət çağırışı edib. Onun sözlərinə görə, müxtəlif inqrediyentlərdən hazırlanan bu yeməklərin tərkibindəki nəmlik mikroorqanizmlərin çoxalmasını sürətləndirə bilər.

Düzgün saxlanılmayan qidalarda salmonella, E.coli və Listeria kimi təhlükəli bakteriyalar yayıla, nəticədə zəhərlənmə baş verə bilər. Bu təhlükə uşaqlar, yaşlılar, hamilə qadınlar və immun sistemi zəif şəxslər üçün daha yüksəkdir.

Çarpaz çirklənmənin qarşısını almaq üçün çiy ət soyuducunun aşağı rəflərində, bişmiş yeməklər isə yuxarı rəflərində yerləşdirilməlidir. Beləliklə, çiy məhsullardan axan mayenin hazır qidalara keçmə ehtimalı azalır.