QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, son vaxtlar stress, narahatlıq və psixoloji gərginlik yaşayan insanların sayında artım müşahidə olunur. Gündəlik çətinliklər, sosial şəbəkələrin yaratdığı qeyri-real gözləntilər, sağlam olmayan vərdişlər və psixoloji problemlərə yanlış münasibət bu vəziyyətə təsir edir. Payızda baş verən mövsümi dəyişikliklər də insanın psixoloji durumuna təsirsiz qalmır.

Klinik psixoloq və psixoterapevt Rövşən Nəcəfov psixi pozuntuları iradəsizliklə izah etməyin yanlış olduğunu bildirib. Onun sözlərinə görə, psixi sağlamlıqla bağlı çətinliklər gözlənilmədən yarana bilər və belə hallarda peşəkar kömək almaq önəmlidir.

Mütəxəssis cəmiyyətdə psixi sağlamlıq mütəxəssisinə vaxtında müraciət vərdişinin formalaşmasına ehtiyac olduğunu qeyd edib. İnsanların üzləşdikləri bütün problemləri təkbaşına həll etməli olmadığını vurğulayan Nəcəfov bildirib: “Heç bir ağrı öz-özünə keçmir. Psixoloji ağrı da istisna deyil. Saxta psixoloqların elmi əsası olmayan məsləhətləri, sosial şəbəkələrdə yayılan psevdopsixoloji fikirlər və özünə diaqnoz qoymaq insanları peşəkar yardımdan uzaqlaşdırır. Psixologiya motivasiya şüarları və şəxsi qənaətlər toplusu deyil, elmi bilik və peşəkar məsuliyyət tələb edən sahədir”.

Rövşən Nəcəfov rəqəmsal mühitin də psixoloji vəziyyətə təsir etdiyini deyib. Sosial platformalarda göstərilən dəbdəbəli yaşam, saxta uğur nümunələri və süni xoşbəxtlik təsvirləri insanı öz həyatından narazı sala bilər. Başqaları ilə davamlı müqayisə aparmaq isə reallığa uyğun olmayan gözləntilər yaradır.

Psixoloqun sözlərinə görə, insanlar başqalarının nümayiş etdirdiyi həyat tərzinə çatmağa çalışarkən öz həyatlarında olan dəyərləri nəzərdən qaçıra bilirlər. Məqsədsizlik, qeyri-sabit yaşam, yuxu rejiminin pozulması və azhərəkətlilik də psixoloji dözümlülüyü zəiflədir. Öz həyatını qurmaq əvəzinə başqalarını təqlid etmək narazılığı və daxili gərginliyi gücləndirə bilər.