QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, “Agricola” MMC-nin Beyləqan rayonu üzrə keçmiş satış müdiri Mobil Həsən oğlu Əhmədov 249 min 703 manat mənimsəməkdə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən iclasda hökm elan olunub. Qərara əsasən, Əhmədov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Məhkəmə, həmçinin dəymiş ziyanın ondan alınaraq “Agricola” MMC-yə ödənilməsinə qərar verib.
İttihamda bildirilir ki, Əhmədov şirkətin Beyləqan üzrə regional satış müdiri olduğu müddətdə vəzifəsindən istifadə edərək külli miqdarda vəsaiti mənimsəyib.
2023-2024-cü illərdə o, müqavilə və təhvil-təslim sənədləri ilə “Agricola” MMC-nin Kürdəmirdə yerləşən anbarından Beyləqandakı satış məntəqəsinə göndərilən müxtəlif markalı mineral gübrələri 45 dəfə qəbul edib.
Gübrələri rayon ərazisində satan Əhmədov əldə edilən pulun hamısını şirkətə ödəməyib. 2025-ci ilədək etdiyi ödənişlər nəzərə alınmaqla, şirkətə məxsus 249 min 703 manatı şəxsi ehtiyaclarına yönəldərək mənimsəyib.
Cinayət işi üzrə zərərçəkən “Agricola” MMC tanınıb. Mobil Əhmədova Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi — külli miqdarda mənimsəmə — ilə ittiham irəli sürülüb.