QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Türkmənistana səfər edib və ölkənin Milli Həmkarlar İttifaqları Mərkəzində görüş keçirilib.
Görüşdə Azərbaycanla Türkmənistan arasında tarixən yaranmış dostluq münasibətlərinin və dövlət başçılarının siyasi iradəsi ilə inkişaf edən əlaqələrin önəmi vurğulanıb.
Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin sədri Oğulcənnət Berdiliyeva ölkəsində əmək hüquqlarının qorunması, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və həmkarlar ittifaqı üzvlərinə dəstək mexanizmlərinin təkmilləşdirilməsi üçün görülən işlərdən danışıb. O, rəhbərlik etdiyi qurumun Azərbaycan həmkarlar ittifaqları ilə əməkdaşlığı genişləndirmək və qarşılıqlı təcrübə mübadiləsi aparmaq niyyətində olduğunu bildirib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov isə ölkədə həmkarlar ittifaqlarının fəaliyyəti və əmək hüquqlarının müdafiəsi barədə məlumat verib. O, rəqəmsallaşma və innovativ təşəbbüslərə, üzvlər üçün xidmətlərin keyfiyyətini yüksəltmək və əlçatanlığını artırmaq məqsədilə görülən tədbirlərə də toxunub.
Məmmədov həmçinin sosial layihələr, üzvlərə göstərilən hüquqi dəstək, yollayış sisteminin rəqəmsal transformasiyası və sanatoriya-kurort xidmətlərinin yenilənməsi istiqamətindəki yenilikləri diqqətə çatdırıb.
Tərəflər 2026-cı ilin mayında Bakıda imzalanmış Əməkdaşlıq Memorandumunun icrasını, əlaqələrin genişləndirilməsini, birgə layihələri və təcrübə mübadiləsini müzakirə ediblər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirilib.
Azərbaycan nümayəndə heyəti Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin fəaliyyəti ilə də tanış olub.