QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Bir ekosistemi CineMastercard kinoteatr şəbəkəsi ilə əməkdaşlığa başlayır. Tərəfdaşlıq nəticəsində istifadəçilər kino biletlərini başqa platformaya keçmədən Birbank tətbiqindən əldə edə biləcəklər.

Layihənin yeni imkanları Birbank-da filmləri və seansları axtarmaq, bilet və oturacaq seçmək, həmçinin ödəniş etmək üçün nəzərdə tutulub. Tətbiqdə yaradılacaq xüsusi interfeys vasitəsilə istifadəçilər interaktiv xəritədən yerlərini seçib biletləri birbaşa alacaqlar.

Funksiyanın istifadəyə verilməsi 2026-cı ilin sonunadək planlaşdırılır. Bunun üçün əvvəlcə texniki inteqrasiya və sınaq mərhələləri başa çatmalıdır. Əməkdaşlığın məqsədi rəqəmsal ödənişləri gündəlik əyləncə təcrübəsinə qoşaraq bilet alışını daha rahat və sürətli etməkdir.

Bir fintex, ödəniş və elektron ticarət həllərini vahid platformada birləşdirən rəqəmsal ekosistemdir. 2025-ci ildə fəaliyyətə başlayan platformaya Birbank mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsi daxildir. Ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir.

Bir Azərbaycanın fərdi və korporativ müştərilərinin gündəlik xidmətlərdən istifadə qaydalarını dəyişməyi hədəfləyən Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemi kimi təqdim olunur. Trendyol Azərbaycan və BakıKart ilə strateji tərəfdaşlıqları, eləcə də geniş infrastrukturu ilə Kapital Bank-ın əmtəə nişanı olan Bir ölkənin ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını təşkil edir.