QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Novxanıdakı imarəti ilə tanınan Bəxtiyar Dali (Qaraşov) və daha bir nəfər müğənniyə qarşı zorlamaya cəhddə ittiham olunur. Hadisənin bu ilin iyulunda Sumqayıt ərazisində yerləşən hotel-restoranlardan birində baş verdiyi bildirilir.

İstintaq materiallarına görə, Qaraşov iki dostu ilə birlikdə istirahət üçün həmin məkana gəlib. Yeməkdən və içkidən sonra onlar kabinetə müğənni dəvət ediblər. Bəxtiyarın olduğu otağa iki qadın ifaçı gəlib, bir müddət mahnı oxuyublar. Daha sonra o, müğənnilərdən birindən oriyental rəqs etməsini istəyib.

İddialara əsasən, gənc qadın bu rəqsi bacarmadığını bildirsə də, Bəxtiyar və dostu onu rəqs etməyə məcbur ediblər. Ardınca ona pul müqabilində cinsi əlaqə təklif olunub, lakin müğənni razılaşmayıb.

Bəxtiyar Dali dostlarından birini kabinetdə olan qadınlardan biri ilə yola salıb. Bundan sonra o və digər dostu otağın qapısını bağlayaraq içəridə qalan müğənniyə qarşı zor tətbiq etməyə cəhd göstəriblər. Qadının qışqırığını eşidən hotelin sahibi və əməkdaşları qapını sındıraraq onu xilas edib, polis çağırıblar.

Bəxtiyar hadisə yerində sərxoş vəziyyətdə saxlanılıb. Digər şəxs əvvəlcə ərazidən qaçsa da, polis tədbirləri nəticəsində sonradan tutulub və istintaqa təhvil verilib. Fakt üzrə cinayət işi başlanıb. Sumqayıt Şəhər Məhkəməsi hər iki şəxs barəsində dörd aylıq həbs qətimkan tədbiri seçib.

Bəxtiyar Dali Cinayət Məcəlləsinin 29.149-cu maddəsi ilə zorlamağa cəhddə, eləcə də 145-ci maddə ilə qanunsuz azadlıqdan məhrumetmədə ittiham olunur. O, yeni həbs edilməyib və təxminən üç aydır həbsdədir. Həbs qətimkan tədbiri barədə qərarı Sumqayıt Şəhər Məhkəməsi verib.

Bəxtiyar Dali 66 yaşındadır, uzun müddət Rusiyada yaşayıb. Özünün açıqlamasına görə, hərbi mühəndis işləyib. Hazırda Şüvəlandakı istintaq təcridxanasında saxlanılır.